AFFA-nın vitse-prezidenti: “Tələsik qərar vermək istəmirik”

Cəmiyyət


“İşçi Qrupunun iclasında baş məşqçi profilinin müəyyənləşməsi qərara alındı”.

Bunu “Report”a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov xüsusi İşçi Qrupunun bu gün keçirilən iclasında müzakirə olunan məsələlər barədə danışarkən deyib.

O, iclasda hər iki istiqamət üzrə araşdırma aparılması barədə qərar verildiyini söyləyib:

“Ümumi müzakirələr oldu. Növbəti baş məşqçinin meyarlarını müəyyən etmək baxımından həm yerli, həm də əcnəbi namizədlərlə bağlı fəaliyyətimizi davam etdirəcəyik. Tələsik qərar vermək istəmirik, dərindən təhlilə ehtiyac var. AFFA İcraiyyə Komitəsinin növbəti iclasına qədər həm yerli, həm də əcnəbi namizədləri təqdim etməliyik. Hər iki istiqamətdə namizədlər olacaq”.

İşçi Qrupunun üzvü bildirib ki, yeni baş məşqçi bir çox meyarlara cavab verməlidir:

“Futbol biliyi olmalı, öz fəlsəfəsini oyunçulara çatdırmağı bacarmalıdır. Şəxsən mən özümdə 10 meyar müəyyənləşdirmişəm. Bunların ətrafında müzakirələr aparmışıq. Yeni çalışdırıcı dürüst, açıq fikirli, səbirli, tələbkar, enerjili olmalı, qarşısına ardıcıl məqsədlər qoymalı, ürəklə çalışmalı, komandada müsbət atmosfer yaratmalı, gərgin anlardan çıxış yolu tapmağı bacarmalıdır. Bunlar sırf mənim istədiyim profildir. Digər üzvlər də öz fikirlərini bildirəcəklər”.

Vaqif Sadıqov növbəti iclasa bəzi mütəxəssislərin də qatılacaqlarını vurğulayıb:

“Təklifləri “e-mail” formasında bir-birimizə göndərəcəyik. Tarix hələ bəlli olmasa da, sonrakı iclasın yanvarda baş tutması gözlənilir. Həmin toplantıya mütəxəssislər də cəlb ediləcəklər, onların fikirlərinə önəm veriləcək”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin noyabrda keçirdiyi fövqəladə iclasında Azərbaycan yığmasının baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsi üçün xüsusi İşçi Qrupunun yaradılması qərara alınıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir