Laçındakı Həkəri Balıqçılıq Təsərrüfatının məhsulları gələn ildən bazarlara çıxarılacaq – FOTO

Cəmiyyət


Otuz ildən sonra yenidən dirçələn Laçında artıq bir sıra istehsal sahələri yaradılıb. Yeni müəssisələr Laçına qayıdan keçmiş məcburi köçkünlərin işlə təmin olunmasında da mühüm rol oynayır. Belə sahələrdən biri də Həkəri Balıqçılıq Təsərrüfatıdır. Burada 30-dan çox işçi çalışır və onların da əksəriyyəti laçınlıdır.

Həkəri Balıqçılıq Təsərrüfatının əməkdaşı Nurlan Ağayev AZƏRTAC-ın bölgə müxbirinə eksklüziv müsahibəsində bildirib ki, ümumi sahəsi 6 hektardan çox olan təsərrüfatda 36 hovuz var. Təsərrüfatda balıqların saxlanılması və yetişdirilməsi bütün imkanlar mövcuddur. Hazırda burada 3 növ balıq – əlvan forel, Kür nərəsi və cökə balıqları saxlanılır. Gələn ildən məhsulların Azərbaycan bazarına çıxarılması nəzərdə tutulur. İlk növbədə, aprel-may aylarında forel balıqları, payızda isə nərə balıqları satışa çıxarılacaq.

Onun sözlərinə görə, burada işçilərin fəaliyyəti və istirahəti üçün də lazımi şərait yaradılıb:

“Laçınlı olub laçında işləmək çox gözəl hissdir. 30 ildən sonra həsrətində olduğumuz yerlərə gəlmək həqiqətən şərəflidir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Burada 37 nəfər çalışır, hamısı da laçınlıdır”.

Təsərrüfatın işçisi Səbuhi Məmmədov da Laçın sakinidir. Deyir ki, Laçından çıxanda iki yaşı olub. Laçını xatırlamasa da, hər zaman doğma yurduna qovuşacağı günü səbirsizliklə gözləyib.

“Ötən illər ərzində ən böyük arzularımdan biri idi ki, doğulduğum torpaqlara qayıdım. Çox şükür olsun ki, xəyallarımız gerçək, arzularımız çin oldu. Bu günləri bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə də öz minnətdarlığımı bildirirəm ki, bizə bu sevincli günləri yaşatdı. Laçında işləmək qürurvericidir, rayonumuzda abadlıq işləri də sürətlə davam edir”, – deyə S.Məmmədov bildirib.

Gələcəkdə təsərrüfatda çalışanların sayının 60 nəfərə çatdırılması planlaşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir