Cəlilabad rayonunun Qamışlıgöl kəndində qədim dövrə aid üzəri yazılı daş fiqur tapılıb.
“Report”un məlumatına görə, fiquru Qamışlıgöl tam orta məktəbinin səkkizinci sinif şagirdi Sahib Xəqani oğlu Tağıyev aşkarlayıb.
Yerli tarixçi Elşad Əmənovun sözlərinə görə, daş material üzərində runik yazı sistemi ilə yazılmış hərflər var. O deyib ki, yazının oxunması istiqamətində çalışmalar davam edir. Tarixçi vurğulayıb ki, ümumiyyətlə hər hansı bir yazılı tapıntının tarixini müəyyənləşdirmək üçün onun materialına və yazının yazılış qaydasına istinad olunur:
“Material və yazılış qaydasından ehtimal edirəm ki, bu fiqur 4-4,5 min il əvvələ aiddir. Ola bilsin ki, o insanlar tərəfindən inanc məqsədilə yaradılıb”.
E.Əmənov bildirib ki, bu, Azərbaycanın cənub bölgəsində aşkarlanan ikinci oxşar daş fiqurdur:
“İlk belə bir balıq fiquru Yardımlı rayonu ərazisində tapılıb və hazırda həmin rayonunun muzeyində saxlanılır. Həmin balıq fiquru 40 min əvvələ aid olunur. Lakin onun üzərində yazı yoxdur. Ona görə də bu, Azərbaycanda tapılan üzəri yazılı ilk balıq fiqurudur. Araşdırmalar bitəndən sonra tapıntı rayon muzeyinə təhvil veriləcək”.
www.102info.az