Dövlət Statistika Komitəsinin yaydığı son hesabata görə, Azərbaycanda bu ilin yanvar-noyabr aylarında geyim istehsalı azalıb.
Belə ki, cari ilin 11 ayında ölkədə 97,5 milyon manat dəyərində geyim istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 13,3% azalma deməkdir.
Azalmalar nə ilə bağlıdır?
Məsələ ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli əsas səbəbi daxili bazara marağın azalması ilə əlaqələndirib:
“Bu da onlayn ticarətin hesabına baş verir. Ona görə ki, son illər ölkə vətəndaşlarının çoxu bu ticarətə üstünlük verir və sifarişlərini karqo ilə gətirdir. Nəticədə isə həm yerli bazara zərbə vurulur, həm də yerli istehsal aşağı düşür”.
Bu gün 300 dollara qədər onlayn sifariş verən şəxslərin vergilərdən azad olunduğunu söyləyən müsahibimizin sözlərinə görə, ancaq yerli istehsalçılar və xırda ticarətçilər bu vergiləri ödəməyə məcbur qalırlar:
“Bunun hesabına da ölkədə həm haqsız rəqabət yaranır, həm də yerli sahibkarlara zərbə dəyir. Bu da artdıqca insanlar xarici məhsullara daha çox meyil göstərməyə başlayırlar. Hökumət isə məhz bu məqamla ciddi məşğul olmalıdır.
Əvvəllər onlayn ticarət üçün limit 10 min dollar idi. Ancaq bunun artdığını görərək limiti 1 000 dollara, daha sonra isə 300 dollara endirdilər. Artıq vergilərdən yayınmaq istəyən kiçik sahibkarlar da bu üsullardan istifadə etməyə və müxtəlif şəxslərin adından istifadə edərək mal və məhsul gətirməyə başlayıblar.
İş orasındadır ki, sadə vətəndaşlar da bu yollar alış-veriş edirlər. Üstəlik, həm istehsalçı, həm məhsul gətirib satan ticarətçi də vergi ödəyir, amma hər ikisinin alıcısı onlardan deyil, onlayn şəkildə alış-veriş edir. Bu baxımdan da vergi ilə bağlı vəziyyət yaxşılaşmalıdır. Onlayn ticarətin üstünlükləri çoxdur və o, öz yerini daha da möhkəmləndirəcək”.
Bəs alıcılar niyə geyim məhsullarını onlayn sifariş etməyə üstünlük verirlər?
Ekspertin fikrincə, xarici istehsalla yerli istehsalı müqayisə etmək hələ tezdir:
“Təbii ki, Türkiyə və ya İtaliya məhsulu olan geyimlərlə Azərbaycan istehsalı olan geyimlər arasında müqayisə aparmaq olmaz. Bu sahə ölkəmizdə hələ yeni formalaşır və kifayət qədər imic qazanmayıb. Üstəlik, yeni olduğu üçün həllini gözləyən problemlər hələ çoxdur. DSK-nın açıqladığı 97,5 milyon manatlıq göstərici elə də böyük rəqəm deyil. Ötən ay isə belə məlumat yayıldı ki, cari ildə ölkəmizdə təkcə geyimə bir milyard manatdan çox vəsait xərclənib.
www.102info.az