Qərbi Azərbaycan icması dekabrın 29-da keçirilmiş növbədənkənar ümumi yığıncaqda fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat qəbul edib.
Bəyanatda bildirilir ki, ümummilli lider Heydər Əliyevin ideya və arzularının gerçəkləşdiyi bugünkü Azərbaycan öz dövlətçilik tarixinin ən güclü dövrünü yaşamaqdadır:
“Ulu öndər irsini şərəf və ləyaqətlə davam etdirən, bütün dünya azərbaycanlılarının ümid və dayaq yeri olan Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasəti yüz illərdən sonra bizə güclü dövlətin qalib vətəndaşı olmaq hissini yaşadır. Bu gün dünyaya Günəş kimi parlayan Azərbaycan İlham Əliyevin ən kamil əsəridir”.
Bəyanat müəllifləri vurğulayırlar ki, tarixi nailiyyəti qazanmaqla Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə ən böyük töhfəsini verib, bununla da keçmiş, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətə imza atıb.
“Vətən müharibəsi Zəfəri təkcə məcburi köçkünlərimizin vətənlərinə qayıtmasını təmin etməyib, həmçinin Qərbi Azərbaycan qaçqınlarında da doğma vətənlərinə sülh yolu ilə geri qayıtmaq inamı yaradıb”.
Qeyd olunur ki, 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüş zamanı söylədiyi fikirlər, verdiyi tapşırıq və tövsiyələr Qərbi Azərbaycandan zorla çıxarılmış azərbaycanlıların öz doğma vətəninə qayıtması hüququnun təmin edilməsi yolunda Azərbaycan xalqının ümummilli mübarizəsində dönüş nöqtəsi olub:
“Prezident İlham Əliyevin insan hüquqları məsələsini və sülhsevər missiya hesab etdiyi Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməsi təkcə biz Qərbi azərbaycanlıları deyil, bütövlükdə Azərbaycan ictimaiyyətini bu amal uğrunda səfərbər edib.
Əminik ki, minlərlə məcburi köçkünü Qarabağa, Şərqi Zəngəzura geri qaytaran müzəffər Ali Baş Komandan bizi sülh yolu ilə ana vətənimiz Qərbi Azərbaycana qovuşduracaq.
Bu mənada Qərbi Azərbaycan İcmasında birləşən yüzminlərlə icma üzvü olaraq 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçiriləcək prezident seçkisində İlham Əliyevi dəstəklədiyimizi bəyan edirik”.
www.102info.az