Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə 24 ölkədə təhsil alan və məzun olmuş 130-dan çox gəncin iştirakı ilə “Heydər Əliyev İli” çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş növbəti şəbəkələşmə tədbiri keçirilib.
Xaricdə təhsil almış azərbaycanlı məzunlar birliklərinin iştirakı ilə keçirilən tədbirdə gənclər interaktiv şəbəkələşmə fəaliyyətləri vasitəsilə bir-birlərini yaxından tanımaq, xaricdə təhsil zamanı qazandıqları təcrübələri bölüşmək imkanı əldə ediblər. İştirakçılar təhsil aldıqları dövrdə dövlətimizin onlara göstərdiyi dəstəkdən, onları birləşdirən dəyərdən, azərbaycançılıq məfkurəsindən bəhs edərək, həmvətənlərimiz arasında olan həmrəyliyi, gənclərin vətəndaşlıq mövqeyini, ölkə başçısına olan etimad və dəstəklərini vurğulayıblar.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və ASAP-ın icraçı direktoru Sevda Mansurova bildiriblər ki, 31 dekabr tarixi hələ 1991-ci ildə Naxçıvanda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nəticəsidir ki, Azərbaycan gəncliyi bu gün bütün sahələrdə yeni uğurlar qazanır və harada olmasından asılı olmayaraq həmrəylik nümayiş etdirir. Ölkə gəncləri üçün bütün istiqamətlərdə yaradılan geniş imkanlar gənclərin hərtərəfli inkişafına təkan verir. Həmçinin, çıxışlar zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-26-cı illər üçün Dövlət Proqramı”nın qəbul edilməsinin azərbaycanlı gənclər üçün yaratdığı fürsət və imkanlardan da bəhs olunub.









www.102info.az