Azad edilmiş ərazilərdə məskunlaşmış 1000-dən çox sakinin məşğulluğu təmin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən dövrdə Füzuli və Laçın şəhərlərində əmək yarmarkaları təşkil edilib. Keçirilən əmək yarmarkalarında Füzulidə 20 işəgötürən tərəfindən 200 vakansiya, Laçında 16 işəgötürən tərəfindən 200 vakansiya sakinlər üçün təqdim edilib. Görülən kompleks tədbirlər nəticəsində azad edilmiş ərazilərdə məskunlaşmış sakinlərdən artıq 1000-dən çox şəxsin məşğulluğu təmin edilib.
Vurğulanıb ki, azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərin əsas istiqamətlərindən biri də peşə hazırlığı kurslarının təşkilidir. Artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işlərinə başlanıb. 2026-cı ilə kimi işğaldan azad olunmuş ərazilər üzrə nazirliyin xətti ilə ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlb edilməsi planlaşdırılır. Ümumilikdə 2023-cü ildə ölkə üzrə 1000-dən çox keçmiş məcburi köçkün peşə hazırlığına cəlb olunub.
www.102info.az