“Mənim adımı atam “gül” və “qənd” sözlərini birləşdirib Gülkent qoyub. İllər əvvəl isə şəxsiyyət vəsiqəmi dəyişəndən sonra baxıram ki, adımı “Gülkenol” yazıblar. Amma mənim üçün adım Gülkentdir. Elə paylaşımlarımı da bu adla yazıram”.
Bunu İstanbulda Oxu.Az-a müsahibəsi zamanı şuşalı mühacir Hüseyn Baykaranın qızı, 85 yaşlı Gülkent Enünlü bildirib.
– İstərdik ki, uşaqlığınızdan, atanızla bağlı ən unudulmaz xatirənizdən danışasınız.
– Mən Elazığ şəhərində anadan olmuşam. Biz ailədə dörd uşaq idik və daha böyük bir şəhərdə yaxşı təhsil almağımız üçün valideynlərim Adanaya köçüblər. Orada anamın qohumları vardı və atam vəkillik edirdi. Mənim atam olduğu üçün demirəm, amma onun kimi intellektual, savadlı bir vəkil yox idi. Atamın təbiətə də böyük sevgisi var idi. Ona görə də dəniz qırağında, böyük həyəti olan evdə böyüdük. Atam həyətimizdə böyük bir portağal bağı saldı. İşdən sonrakı zamanının bir hissəsini orada, bir qismini isə yazı otağında keçirirdi.
– Atanız Türkiyəyə necə gedib?
– İsmayıl Hikmət adlı bir professor vardı. O, Azərbaycana dərs deməyə gəlib. O zaman əmim Surxayla tanış olub. Həmin vaxt atam tələbə idi. Professor Türkiyəyə gələn zaman atamın onu tapmasını istəyib. Atam sərhəddən İrana, oradan da Ankaraya gəlib. Onsuz da babamın nəsli Qarabağdan olduğu üçün atamgil ərazini yaxşı biliblər.
– Atanız sizinlə siyasətlə bağlı söhbət edirdimi?
– Onun özünə məxsus bir otağı vardı və orada yazırdı. Bizimlə siyasi işləri danışmırdı. Bizə heç rus dilini də öyrətmədi. Atam hər bayram ağlayardı. Mən evimizdə şən bir bayram keçirildiyi ili xatırlamıram.
– Bayramları atanıza görəmi sevmirsiniz?
– Atamın ruh halı bizə keçib. Belə deyim də, ədəbiyyatdakı didərginlik əhvalı bizə də təsir edib. Artıq Yeni il çatıb, amma mən qarşılamağı sevmirəm də…
– Atanızın vəzifədə olduğu illərdə hansı bölgələri gəzmisiniz? Həmin dönəmlərdə atanız mühacirət tədqiqatı üçün önəmli olan əsərlərini yazmağa başlamışdımı?
– Çox gəzmədik. Elazığdan Adanaya, oradan da İstanbula gəldik. Burada da kitabları ilə məşğul oldu. Yenə də alma, portağal bağçası yaratdı.
– Türkiyədə mühacir olduğunuza görə ayrı-seçkiliyə məruz qaldığınızı hiss etdiyiniz olubmu?
– Atam sakit bir adam idi. Hər kəslə hörmətlə danışardı. Biz Türkiyədə heç vaxt ayrı-seçkilik hiss etmədik. Atam öz ölkəsinə bağlı olduğu üçün burada siyasətə qarışmadı. Azərbaycan haqqında çox gözəl danışırdı. Həmişə deyirdi ki, Bakıda əsrarəngiz Xəzər dənizi var.
Burada da dəniz kənarında yaşaması Xəzər dənizinə olan sevgisindən irəli gəlirdi. Necə deyərlər, atam oradakı həyatına burada ayna tutdu. Atam böyük bacıma anası Minə xanımın adını qoyub. Ona çox dəyər verirdi. Bacım uşaq həkimi olub.
Atam onu o qədər əzmkar böyütmüşdü ki, hətta 80 yaşında dövlət qurumlarında yoxlama aparılması ilə bağlı imtahan verdi və keçdi. Böyük qardaşım Orxan jurnalist, Mehmet isə mühəndis olub.
– Türkiyədə yaşayan mühacir ailələrdən kimlərlə münasibətləriniz var?
– İndi yoxdur. O zaman Azərbaycandan İsmayıl adlı bir müəllim vardı. O, milli mətbəximizdən yeməklər hazırlayardı və atamla birlikdə gedib, deyib, gülüb, əylənərdik. Atamın yaxşı səsi vardı, mahnılar oxuyardı.
– Azərbaycanla bağlarınız hansı səviyyədə olub?
– Yadımdadır, görkəmli dirijor və dünya şöhrətli bəstəkar maestro Niyazi buraya gəldi. Həmişə atamla Azərbaycandan, ailəsindən danışardılar. Niyazi atamın ailəsini tapdı. Çünki atam qaçaq yolla çoban geyimində Türkiyəyə qaçmışdı və ailəsi ilə heç bir əlaqəsi qalmamışdı. Atam: “Mən ölkəmə getsəm, orada məni həbs edəcəklər”, – deyirdi. Niyazi isə: “Baykara, hər şey bildiyin kimi deyil, ailəni tapacağam”, – deyə söz verdi. Daha sonra radioda elan verdi. Əmim qızının yoldaşı jurnalist idi, elanı o eşidib və əmim qızına deyib. Daha sonra bibim, bibim qızı buraya gəldilər. Bizim Türkiyədə böyük, beşmərtəbəli evimiz vardı. Qohumlarımız da gələndə bizdə qalırdılar. Bir neçə il əvvəl evi satdıq ki, Egedə, dəniz qırağında yaşayaq. Amma koronavirus pandemiyası oldu və planımız qaldı. Əgər alınsa, yaşayaram…
– Atanız sizə ölkəsinə dönmək istəyi ilə bağlı danışırdımı?
– Əlbəttə. İnsan durduğu yerdə ağlayarmı?! Atamda Vətən sevgisi böyük idi. Tez-tez kövrəlirdi. Hər zaman qayıtmaq istəyib.
– Atanızın Qars xatirələrini qeyd etdiyi, sovet hökumətinin qurulmasından sonra partizan hərəkatına rəğbətini göstərən məqaləsi var. Bəs ailənizin Türkiyəyə mühacirətindən sonra onun keçmiş partizanlarla hər hansı əlaqəsi qalmışdımı?
– Tam bilmirəm. Adı yadımda deyil, amma bir dostu vardı, onunla hərdən danışırdı. Atamı narahat edən bir məsələ də İkinci Dünya müharibəsi ilə bağlı idi. Sizə desəm ki, hər o hadisə yadına düşəndə sümükləri sızıldayırdı, yalan olmaz. Həmin vaxt SSRİ əsgərlərimizdən Almaniyaya döyüşə göndərirdi. Bir neçəsi istəmədiyindən Türkiyəyə qaçmışdı. Atam onlara sənəd düzəldə bilmədi. SSRİ həmin adamları təhvil alan zaman atam çox pis oldu, qorxurdu ki, ruslar onları öldürəcəklər.
– Atanızı təhdid edənlər olurdumu? Son günlərini necə keçirib?
– İran inqilabı ilə bağlı yazanda telefon zəngləri alırdı. Eyni zamanda, mühacir olduğunu tez-tez xatırladır və bəzən “məni izləyənlər var” sözlərini işlədirdi. Bilmirəm, bu, həqiqət idi, yoxsa onun öz düşüncəsi… Demensiya xəstəliyi var idi. Bu, beyinə mənfi təsir göstərən xəstəlikdir. Bacım ona baxırdı. Bəzən evdən qaçırdı. Keçmişdən çox hadisələr danışacaq vəziyyətdə deyildi… 1984-cü ildə atam vəfat etdi. O öldükdən sonra onun portağal bağları satıldı. Biz ondan qalanlara sahib çıxa bilmədik…
– Bəs sizə Şuşadan danışırdımı?
– Atam bizə danışırdı ki, Şuşada daşdan hörülmüş saray kimi evimiz var. Amma qardaşım Orxan oraya səfər edəndə evi yerində tapmayıb. Bizə dedi ki, ermənilər evi darmadağın ediblər.
– Siz Azərbaycanda olmusunuz?
– İstərdim, amma mümkün olmadı.
– Bacı-qardaşınızla gediş-gəlişiniz varmı?
– Arada gedib-gəlirəm. Dəniz kənarında bacımla kiçik qardaşım bir evdə yaşayırlar.
İlhamə Əbülfət
www.102info.az