“Qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik xəstəlikdir. Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsulu hesab olunur. Hazırda vəziyyət kifayət qədər nəzarət altındadır və yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir”.
Bunu AZƏRTAC-a müsahibəsində TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
“Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özüsağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bəzən yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Onu da qeyd edim ki, müalicə xərcləri icbari tibbi sığorta üzrə xidmətlər zərfi çərçivəsində ödənilir”, – o deyib.
V.Qurbanov onu da bildirib ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə iki, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir.
Qurum rəhbərinin sözlərinə görə, bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma halları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur.
“Təəssüf ki, əksər hallarda ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlar olurlar. Bu isə peyvəndin nə dərəcədə effektiv müalicə üsulu olduğunu bir daha sübut edir”, – deyib V.Qurbanov.
www.102info.az