Bu gündən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
APA xəbər verir ki, bu, “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər. Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iki iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi ölkəyə gətirilə bilər.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
www.102info.az