Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.
“Report”un xəbərinə görə, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.
Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək.
Bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyevin, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.
MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.
Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
www.102info.az