Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın yeddisinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar davam edir.
Oxu.Az xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və 1 nömrəli Bakı Tibb Kollecində səkkiz yanvar tarixində baş tutan məlumat sessiyalarında səsvermə hüququna malik yüzlərlə tələbə iştirak edib. MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Maarifləndirici seminarların keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Qeyd edək ki, seminarlar ötən ilin 27 dekabr tarixindən etibarən təşkil edilməyə başlanılıb və səsvermə hüququna malik 3 500-dən çox tələbəni əhatə edib. Bu günədək ümumilikdə 20-dək təhsil müəssisəsində həyata keçirilən maarifləndirici seminarlar davamlı xarakter daşıyır və ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.
www.102info.az