Birinci Qarabağ müharibəsində baş verənləri lentə alan hərbi reportyorlar Nizami Abbasov və Ədil Arifoğlu Baku TV-yə danışıblar.
Müharibənin dəhşətlərindən söz açan Ədil Arifoğlu öz xalqının ağrı-acısını görüntüləməyin daha ağır olduğunu deyib:
“Başqa ölkədə müharibəni işıqlandıranda kadrların necə çəkiləcəyini, informasiyanı necə çatdıracağını düşünürsən. Amma öz yaxınının ölümünü, necə əzab çəkməyini lentə almaq, millətinin məğlub olduğunu, torpağının işğal edilməsini görmək başqa bir şeydir”.
O, müharibədə döyüşlərdən birini çəkərkən yaralanmasından da bəhs edib:
“Yaralanan döyüşçümüzü çəkmək istəyəndə snayper məni vurdu. Güllə boğazımdan girmişdi. O vəziyyətdə 500 metr arxaya getmişəm. Heç boğazımdakının güllə olduğunu bilməmişdim. Həkimlər də elə bilmişdilər ki, minaatan qəlpəsidir”.
Əməkdar incəsənət xadimi Nizami Abbas isə onu ən çox təsirləndirən kadrlar haqqında danışıb:
“Mənə ən çox qardaşı ilə birlikdə əsir götürülən rabitəçi Dürdanənin kadrları təsir etmişdi. O, Allahverdi Bağırovun iqamətgahında başına gələn hadisələri danışanda mən qulaq asa bilməyib, otağı tərk etdim. Həmin adamlarla bu gün də görüşmək mənim üçün çətindir”.
Ətraflı süjetdə:
www.102info.az