Azərbaycan ordusu atəşkəsi qoruyan deyil, hər an döyüşə hazır olan savaş ordusuna çevrilməlidirAnadoluda “Pərşənbənin gəlişi çərşənbədən bəlli idi” deyimində olduğu kimi Ermənistandan son aylarda verilən bəyanatlar hansısa təxribatın olacağını göstərirdi. İyulun 12-də başlanan savaşın Qarabağ cəbhəsindən iki dövlətin beynəlxalq səviyyədə tanınan sərhəddinə keçirilməsi Türkiyə prezidenti Erdoğanın dediyi kimi Ermənistanın boyunu aşan məsələdir. Azərbaycanın Avropaya çıxışı və təmas xəttinin yaxınlığından keçən strateji enerji kəmərləri dəhlizini hədəfə alan Ermənistanın bu niyyətini ölkədaxili siyasi vəziyyətin gərgin durumunda həyata keçirməsi diqqət çəkir. Bu təcavüzkar hərəkətlə Paşınyanın məqsədi; a) əhaliyə 2 il əvvəl verilən vədlərin yerinə yetirilməməsi, pandemiya ilə mübarizədə durumun ağırlığı, müxalifətin artan təzyiqləri qarşısında ictimai fikri yayındırmaqla, parçalanmış cəmiyyəti mobilizə etmək; b) bu avantüra ilə Qarabağ məsələsində güzəştə gedəcəyi haqda ona yönələn ittihamların yalan olduğunu göstərərək, cinayətkar Köçəryan və Sarkisyandan fərqli mövqedə olmadığını nümayiş etdirmək. Ermənistanın pandemiya dövründə təcavüz qərarını tək başına vermədiyi haqda müxtəlif fikirlər səslənir. Əks halda ermənilər dedikləri kimi “sərhəd xəttini keçən UAZ markalı maşını” saxlayıb, xoş məramla geri qaytarmaqla sülh tərəfdarı olduğunu göstərmək, yaxud yaxalamaq əvəzinə ağır silahlarla hərbi əməliyyatlara başlaması, yeni mövqelərin ələ keçirilməsi əmrinin verilməsi bu şübhələri artırır. Tovuzdakı təxribatla Ermənistan KTMT-ni prosesə qoşmaq və beynəlxalq ictimayəti guya Azərbaycanın onun ərazilərini işğal etmə niyyəti haqda yalan təbliğat kompaniyasına başlamaq niyyəti güdüb. Etiraf edilməlidir ki, düşmən təbliğat sahəsində daha sistemli işləyərək ABŞ konqresinin bəzi ermənipərəst üzvlərini prosesə qata bilib. Döyüşlərdə ordumuzun çox dəyərli generalı, zabit və əsgərlərinin həlak olması əlbəttə ağır itkidir. Şəhidlərin qisası işğal olunan torpaqlarımızın azadlığına bağlıdır. Generalımızı qətlə yetirməklə müəyyən psixoloji uduş əldə edən Ermənistanın siyasi cəhətdən uduşu böyük olmadı. Rusiya, KTMT daxil, digər beynəlxalq təşkilatlardan gözlədiyi dəstəyi ala və savaşı birinci başlamadığına inandıra bilmədi. Düzgün dəyərləndirilsə, Azərbaycanın hərbi itkilərə baxmayaraq siyasi dividenti var. Türkiyə, Pakistan birmənalı Azərbaycanın yanında olduqlarını bəyan etdi. Türkiyə münaqişə tarixində ilk dəfə Xarici İşlər, Müdafiə Nazirləri, Prezidenti səviyyəsində qəti şəkildə Azərbaycan ərazilərinin işğal cəhdlərinə imkan verilməyəcəyini bəyan etdilər. Qəbul edilməlidir ki, Türkiyə bu məqamda bizdən daha qətiyyətli, hazırlıqlı göründü və görünür. İranın bəyanatında ərazi bütövlüyü vurğulandı. BMT, ATƏT-in bəyanatlarında atəşin dayandırılması istəndi. Azərbaycan XİN yubanmadan Ermənistanın təcavüzkar hərəkətləri və işğal altındakı ərazilər məsələsini, General Həşimovun xüsusi əməliyyatla qətlini gündəmə gətirməli, erməni təbliğatını ifşa etməlidir. Baş verən savaş lokal xarakterli olsa da, bölgədə marağı olan güclər baxımından qlobal miqyaslıdır. Qeyd etdiyimiz kimi bu ərazi Bakı-Tbilsi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Ərzurum, Cənub Qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu, ölkəni Avropa ilə bağlayan avromobil yolunun keçdiyi strateji bölgədir. Ölkə iqtisadiyyatının 80% gəliri bu dəhlizdən formalaşır. Qlobal güclərin Güney Qafaqazda maraqları nədən ibarətdir? İki əsrdir bölgədə yerləşən, Ermənistanda hərbi bazası olan Rusiya region dövlətlərini nüfuz dairəsində saxlamaqla, Qərbə inteqrasiyalarına mane olmaq, mümkün olarsa Azərbaycan və Gürcüstanda hərbi bazalarını yenidən qurmaq, öz sərhədlərinin təhlükəsizliyini təmin etmək, sonrakı mərhələdə imkan yaranarsa daha sıx inteqrasiyaya getməyi düşünür. Bunun üçün özünün yaratdığı münaqişə zonaları və dövlət sərhədlərində vaxtaşırı insident yaranmasından faydalanaraq, tərəflərə təsir imkanlarını saxlamağa və artırmağa çalışır. 2014-cü ildə Krımı işğalı ilə sanksiyalara məruz qalan Rusiyanın iqtisadiyyatı ciddi zərər görsə də, qlobal və regional səviyyədə maraqlarını təmin etmək üçün addımlar atmaqda davam edir. Putinin SSRİ-nin dağılması haqqındakı fikirləri, Suriya və Liviyadakı proseslərdə fəal aktyora çevrilən Rusiyanın təhdidkar ritorikası diqqətdən qaçmamalıdır. 2020-ci ilin başlanğıcı koronavirus pandemiyası ilə yanaşı Suriya və Liviyada maraqları toqquşan, üzdə yaxın tərəfdaş kimi görünsə də bölgəsəl rəqabətdə olan Türkiyə və Rusiya arasındakı münasibətlərdə gərginliklərlə diqqəti çəkdi. Suriyada əməliyyat aparan Türkiyənin bəzi tələblərini qəbul edən Rusiya, sonra Liviyada onunla üz-üzə gəldi. NATO-nun dağılmasını hədəfləyən Rusiya qurumun üzvü kimi Türkiyə ilə əməkdaşlıq etsə də, həm də onunla rəqabətdədir. Rəqəbət əsasən Yaxın, Orta Şərq və Qafqazı əhatə edir. Azərbaycanın enerji dəhlizinə nəzarət cəhdi həm də Türkiyəni sıxışdırmaq məqsədi daşıyır. Bu coğrafiyada planlarını həyata keçirmək üçün hərbi bazalarının yerləşdiyi Ermənistan Rusiyanın İran, Türkiyə, Azərbaycan və Gürcüstana yönəlik siyasətində önəmli yer tutur.Bu baxımdan Ermənistan ərazisində hərbi mövcudluğunu 2045-ci ilə qədər sürdürməsi üçün hüquqi imkan qazanan Rusiya Qafqazda nüfuz dairəsini genişləndirib, Qərbin təsirini azaltmaq üçün Azərbaycan və Gürcüstana təzyiqlərini davam etdirməkdədir. Son toqquşma zamanı Ermənistana silah, sursat, mərkəzi Rostovda yerləşən, Donbasda, Krımda və digər münaqişə zonalarında hibrid müharibələrdə istifadə etdiyi muzdlulardan ibarət 200 nəfərlik dəstə göndərməsi Rusiyanın niyyətinin nə olduğunu göstərir. Başından bəri bu enerji dəhlizinə həvəssiz yanaşan Rusiya belə bir şantajda maraqlı ola bilər. ABŞ-la qlobal rəqabət aparan Çin “Bir yol, bir layihə” çərçivəsində Pekin-London xəttində yerləşən, yüklərin daşınmasında önəmli rol alacaq ölkələrdən biri kimi Azərbaycanda və bölgədə sabitliyin tərəfdarıdır. Rusiya isə daşınmaların əksəriyyətinin onun ərazisindən keçməsini istəyir və bölgənin risqli olduğunu göstərməkdə maraqlıdır. Rusiyanın hansısa kritik məqamda Gürcüstandan Ermənistana dəhliz açma niyyətləri haqda məlumatlar yeni deyil. Rusiyanın planlarının həyata keçirilməsində Ermənistan bir vasitədir. Ermənistanın dəstəkçiləri sırasında İranın və həmsədr ölkə Fransanı qeyd etmək olar. Buna qarşı Azərbaycanı dəstəkləyən Türkiyə və Pakistanın sırasına İsraili, Rusiya işğalına məruz qalan Ukraynanı da əlavə etmək olar. Fəal diplomatiya ilə tərəfdar siyahısı genişlənə, əleyhdarlar azala bilər. Gürcüstanla münasibətlərə xüsusi diqqət verilməlidir. Azərbaycanda bəzi qüvvələr var ki, sanki Gürcüstan Azərbaycanla əməkdaşlıqdan daha çox qazanır iddiaları ilə Gürcüstanla münasibətləri poza biləcək addımlar atmağa çalışır. Münasibərtləri pozmaq istəyən bu cür qüvvələr Gürcüstanda da az deyil. Bizim həssas coğrafiyada hər iki tərəfin bir-birinə ciddi ehtiyacı var və əlbəttə, bu münasibətlərdən tərəflər qarşılıqlı şəkildə qazanmalıdır. Azərbaycan olmasa Gürcüstan nə edərdi? düşündüyümüz kimi, bir an Gürcüstan olmasa Azərbaycan nə qazanardı? düşünək. Nəzərə alınmalıdır ki, dünyaya çıxış baxımından Gürcüstan Azərbaycan üçün nəfəslikdir və tərəflər arasındakı bu münasibətlərin dərinləşməsi üçün çalışılmalıdır. Qarabağın və ərazilərin işğaldan azad olunması üçün iki istiqamətdə fəaliyyət köklü dəyişməlidir. Müdafiə və Xarici siyasət sahəsində. Xarici siyasətdə indiyə qədərki davranışlara son qoyub, dövrün çağrışlarına uyğun, milli maraqlardan güzəşt etməyəcək fəaliyyətə keçilməlidir. Hər halda XİN-dəki dəyişikliyin nəticələrini bir müddət sonra görməyə başlayacağıq. Son illər ordunun güclənməsi istiqamətində real işlər görülməsinə baxmayaraq Müdafiə sahəsində vəziyyət heç də cəmiyyətin arzuladığı səviyyədə deyil. Silahlı qüvvələrin istifadəsindəki müasir silahlar, hərbi texnika, qurğuların yetərli qədər olması, onları idarə etməli olan mütəxəssislərin hazırlanması, peşəkarlığın artması müsbət qiymətləndirilir. Düşüncəmizə görə əsas problem ordunun idarəçiliyində mövcud olan keçmiş sovet sistemindən imtina edilməli, dünyanın qabaqcıl ölkələrinin ordularında tətbiq olunan idarəetmə formasına keçilməlidir. Peşəkar yeni nəsil zabit heyətinin potensialından geniş şəkildə istifadə olunmalıdır. Müasir dövrün savaşları səngərlərdə, xəndəklərdə, böyük ərazilərdə çoxsaylı canlı qüvvələrin apardığı savaş deyil, daha çox yeni texnologiyalara əsaslanan dəqiq silahlarla aparılan savaşdır. Bunun bariz nümunəsi Türkiyə ordusunun Suriya və Liviyada həyata keçirdiyi əməliyyatlardır. Texnoloji silahlar sayəsində bu əməliyyatlar ən az itkilərlə hədəfinə çatdı. Diqqətdə saxlamalıyıq ki, ermənilər 2016-cı ilin aprel savaşından sonra ordularını yeniləməyə başlayıb və müəyyən işlər görüblər. Xüsusilə radioelektronika, müşahidə və izləmə sistemlərində, idarəetmədə ciddi addımlar atıblar. Kustar üsulla olsa da, öz dronlarını yaradaraq, Tovuz istiqamətindəki hücum əməliyyatlarında istifadə etdilər. Fikrimizcə, Tovuz istiqamətindəki son döyüşlər təhlil edilməli, çatışmazlıqlar aradan qaldırılmalı, ABŞ, Rusiya, Türkiyə, İsrailin kimi aparıcı dövlətlərinöz düşmənlərinə qarşı istifadə etdiyi taktika tətbiq edilməli, Azərbaycan dövləti və xalqının düşmənləri hədəfə çevrilməli, harada olmasından asılı olmayaraq tapılıb cəzalanmalıdır. Həm Qarabağdakı separatçılar, həm də Ermənistandakı cinayətkarlar özlərini rahat hiss etməməli, hər an cəzalanma qorxusu ilə yaşamalıdır. Təəssüf ki, indiyə qədər bu taktikadan istifadə edilməyib. Bu istiqamətdə hərəkətə general Polad Həşimovun qətlinin qisasını almaqla başlamaq olar. Bunun üçün yetərli səbəblər və geniş coğrafiya var. Ermənistanın hərbi rəhbərlərinin hərəkətləri izlənməli, beynəlxalq hüququ pozaraq Azərbaycan sərhəddini keçdikdən sonra qəti tədbirlər görülməlidir. Həyata keçirilə biləcək digər məsələlər isə açıq müzakirə mövzusu deyil,hüquq mühafizə və kəşfiyyat qurumlarının işidir. 1920-ci ildə Qarabağda erməni ordusunu məğlub edən Azərbaycan ordusunun həmin zəfəri təkrar etmək gücü və imkanı var. Bunun üçün ilk növbədə cəmiyyətə sırınmağa çalışılan 20% ərazi itirmişik, daha çox itirə bilərik kimi psixoloji sarsıntı, məğlubiyyət sindromu və aşağılıq kompleksindən azad olmalı, müdafiə sistemində effektiv islahatlar aparılmalı, yeni idarəetmə formasına keçilməlidir. Azərbaycan ordusu atəşkəs rejimini qoruyan deyil, işğal olunmuş torpaqları azad etmək üçün hər an, harada və hansı şəraitdə olmasından asılı olmayaraq, çevik koordinasiyalı, döyüşə girməyə hazır savaş ordusuna çevrilməlidir.
Oqtay Qasımov