Bakıda havanın qarlı və şaxtalı olmasına baxmayaraq, bir çox ərazilərdə istilik sistemi ilə bağlı problem yaşanır.
Bu barədə Oxu.Az-a həmin ərazilərdə yaşayan sakinlər məlumat veriblər.
Qeyd edək ki, Altıncı mikrorayon Ə.Ağayev və Svetlana Məmmədova küçələri, Q.Qarayev pr-ti, Babək pr-ti 76, “Xalqlar Dostluğu” metrostansiyasının ətrafı, Yasamalda A.M.Şərifzadə 56, doqquzuncu mikrorayon Adil Məmmədov küçəsi, Zərdabi 70, Gəncə prospekti 61 ünvanlarında istilik problemi yaşanır.
Mövsüm başlayandan sonra ay sonu istilik haqqı gəlsə də, “Azəristiliktəchizat” ASC “Qazanxanalar tam gücü ilə işləyir” açıqlamasını versə də, yuxarıda qeyd olunan və olunmayan bir çox ərazilərdə istilik verilməsi bu gün də yox səviyyəsindədir.
Məsələ ilə bağlı Oxu.Az “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanlayıb.
ASC-nin mətbuat katibi Elvin Basqallı sorğumuza cavab olaraq bildirib ki, bütün qazanxanalar yüksək səviyyədə işləyirlər:
“Əgər hər hansı mənzildə istilik problemi varsa, onun səbəbi fərdi qaydada araşdırıla bilər. Bundan əlavə, abunəçilərimiz “Qaynar xətt” nömrəmizə də zəng edib problemlərini deyə bilərlər”.
Əzizə İsmayılova
www.102info.az