Bu gün dünyaşöhrətli alpinist İsrafil Aşurlunun ad günüdür. İ.Aşurlu 1969-cu ildə Bakı şəhərində anadan olub.
Müxtəlif zirvələri fəth edən alpinist 2007-ci ildə dünyanın ən hündür dağ zirvələrindən olan Everestə (8 848 metr) Azərbaycan bayrağını sancıb. Bununla da bu zirvəyə qalxa bilmiş ilk azərbaycanlı kimi tarixə düşüb.
2010-16-cı illərdə Azərbaycan Alpinizm Federasiyasının prezidenti olub.
Əfsanəvi azərbaycanlı alpinist 55-ci doğum günündə Oxu.Az-ın suallarını cavablandırıb.
– İsrafil bəy, seçdiyiniz peşə o qədər çətindir ki, burada sanki insan özü ilə yarışır. Siz zirvəyə qalxan zaman necə, özünüzlə, yoxsa təbiətlə mübarizə aparırsınız?
– Burada cavab elə sizin sualdadır. Alpinizm dəf etməkdir, macəradır. Alpinizm öz üzərində qələbə çalmaqdır. Alpinizm azadlıqdır, fəlsəfədir, həyat tərzidir.
– Neçə yaşından zirvələri fəth etmək qərarına gəlmisiniz?
– Bu, tamamilə təsadüfən baş verdi. Otuz yaşım vardı. Elə bu il mənim dağlara bənd olmağımdan 25 il ötür.
– Everestdə olanda hansı hissləri keçirdiniz? Axı ondan hündür nöqtə yoxdur…
– Everestə çıxmaq üçün mən səkkiz il hazırlaşmışam. Çox məşq etmişəm. Ondan əvvəl 5 000, 6 000 və 7 000 metr hündürlüyü olan onlarla zirvəyə qalxmışdım. Bu arzu ilə yaşayırdım. Məqsədim Everestə qalxan və oraya Azərbaycan bayrağını sancan ilk alpinist olmaq idi və bunun üçün hazırlaşırdım.
Həmin dövr üçün bu mənim həyatımın başlıca məqsədi idi. Yadımdadır, Everestdə dayanıb ətrafa baxdım, anladım ki, məqsədə yetmişəm, dünyada mənim üzərində dayandığım bir neçə kvadratmetrlik ərazidən hündür yer yoxdur. Həmin an düşündüm ki, bununla hər şey bitəcək. Amma hər şey elə bundan sonra başladı…
– Everest zirvəsinə çıxdığınızı nəzərə alsaq, fəth etməkdən çəkindiyiniz zirvə olubmu?
– Everest planetimizin ən yüksək dağ zirvəsidir. Amma daha mürəkkəb relyefi və daha mürəkkəb marşrutları olan zirvələr mövcuddur. Mənim xidmətlərim siyahısında dünyanın 8 000 metrdən hündür zirvəsinə 11 ekspedisiya var. Onlardan altısı uğurlu oldu. Beş dəfə isə müxtəlif səbəblərdən geri çəkilməli oldum.
– İndiyə kimi neçə zirvəyə çıxmısınız? Bu zirvələrə qalxmaq üçün xərciniz nə qədər olur?
– Uğurlarımın arasında Antarktidadakı Vinson massivi istisna olunmaqla planetin müxtəlif dağ sistemlərinə 142 uğurlu yürüş də var. Alpinizm çox bahalı idman növüdür. Ləvazimatlar bahadır və tez-tez dağa qalxırsansa, onlar xarab olur. Bundan başqa, ucqar dağ bölgələrinə ekspedisiyaların təşkilinə tələb olunan ciddi xərcləri də nəzərə almaq lazımdır. Bu həm də nəqliyyat və yürüş üçün icazə xərcləridir. Everestə belə icazənin qiyməti təxminən 15 min dollardır.
– Zirvəyə qalxmaq, yoxsa düşmək çətindir? Ən çətinlik çəkdiyiniz an hansıdır? Hansı səyahətiniz özünüzə çılğınlıq təsiri bağışlamışdı?
– Bu, təcrübə, bu və ya digər marşrutun mürəkkəblik dərəcəsi, hava şəraiti, qəfil yarana biləcək müxtəlif situasiyalarla bağlıdır. Yaxşı hazırlığı olan təcrübəli alpinist, bir qayda olaraq, öz vəziyyətinə nəzarət edir və bütün yürüş ərzində qüvvəsini düzgün paylaşdırmağa çalışır. Dağlarda uğur qazanmaq üçün çoxlu məşq etməli, yaxşı fiziki formaya, psixoloji cəhətdən hazırlığa və texniki təcrübəyə sahib olmalısan.
– Xarici səfərlərdə çox olursunuz, bəs ailənizlə necə zaman keçirirsiniz?
– Mən ailəmi çox sevirəm. Təəssüf ki, ötən il biz xaricə birgə səyahət edə bilmədik. Ümid edirəm ki, bu il bu bizə qismət olacaq.
– Səhv etmirəmsə, ad gününüzdə hansısa zirvəyə qalxmışdınız. Bəs bugünkü yubileyiniz üçün planınız nədir?
– Yanılmıramsa, doğum günlərimdən birini Kilimancaroda keçirmişəm. Bir dəfə ad günümdə Akonkaquaya qalxmaq üçün Argentinaya getdim. Amma doğum günümü ailəm və dostlarımla birgə qeyd etməyi daha çox sevirəm.
– Təkrarən getdiyiniz zirvələr hansılardır?
– Tez-tez qalxdığım zirvələrə gəlincə, ildə bir neçə dəfə Qafqaz sıra dağlarının həm Azərbaycanda, həm də ondan kənarda yerləşən zirvələrinə qalxıram. Bu mənim üçün həm istirahət, həm də yüksək zirvələrə hazırlığın bir hissəsidir.
Əfsanəvi alpinist, hər zaman zirvələrdə olun!
İlhamə Əbülfət
www.102info.az