Kubra Məhərrəmova yazır…
Bu gün paytaxtın mərkəzində, ofis şəraitində çalışsam da nənəmin yaşayışına paxıllıq edirəm. Niyə?
Çünki texnikanın inkişafı, elmin tərəqqisi istər istəməz insan həyatına öz mənfi-müsbət təsirini göstərir. Məsələn nənəm, səhər dururdu, işini-gücünü görüb, uşaqlarına-ərinə baxıb (qulluq edib), Allah verəndən yeyib, yatırdı. Adamın əlavə etdiyi bir şey də var idi, ibadət. Tələb olunan zaman namazını qılar, orucunu tutardı. Bu qədər bəsit və eyni zamanda rahat həyat. Fiziki çətinlikləri demirəm.
Bu gün eyni yaşda orta statistik müasir qadın hər səhər işə gedir, karyerada yüksəlmək üçün məqsədlər müəyyən edir, uğurun sirrini tapmağa çalışır, iki-üç xarici dil öyrənir, mütəmadi olaraq peşəsi üçün tələb olunan kurslar və təlimlərdə iştirak edir. Yeni-yeni sertifikatlar əldə edir. Əgər özünü doğru sübut edə bilsə, qısa zaman ərzində şirkətin xarici ölkələrə ezam edə biləcəyi kadra çevrilə bilər. Bu da təbii ki, işdə, ofisdə müəyyən statusun yüksəlməsi və maddi rifahın yaxşılaşması deməkdir.
Bundan başqa o, mütləq uğurlu ailə həyatı qurmalı, uğurlu uşaqlar dünyaya gətirməli, şəxsi avtomobil, ev və bağ evinə sahib olmalıdır. Əlavə biznesə sahib olması isə ona yalnız və yalnız başucalığı gətirəcək.
Uşaqların isə ingilis, ispan və çin dillərini bilmələri arzuolunandır. Bundan savayı dünyaya yeni göz açan körpələr baza biliklərə sahib olmalı, rəsm çəkməyi, klassik musiqi savadına malik olmalı, rəqs etməyi bacarmalı, hətta idman növlərinin biri üzrə ən azı şəhər çempionu olmalıdırlar. Böyüdükcə isə uğurlarının sayı artmalıdır. Məsələn, 15 yaşında beynəlxalq mükafatlardan ən azı birini qazanmalıdır.
Bu körpələrin uğurlu anaları da, övladları üçün gözəl, diqqətli, qayğıkeş ana olmaqla yanaşı, uşağın psixoloqu, həkimi, şəxsi aşpazı olmalıdırlar. Və bütün bu sahələr üzrə təsdiqlənmiş sertifikatlara malik olmalı və mütəmadi olaraq bilik və bacarığını təkmilləşdirmək üçün müvafiq təlimlərdə iştirak etməlidir.
Mükəmməl sürücü olan müasir ana bazarlıq işlərində də peşəkarlıq göstərməli, ailənin ehtiyacını təmin etməlidir. Çünki, yalnız və yalnız ana bilir ki, evə hansı məhsullar alınmalıdır. Hansı şirkətin istehsal etdiyi makaronlar suda daha yaxşı qaynayır, yaxud hansı təmizləyici vasitə digərlərinə nisbətən daha tez və təsirli effekt göstərir.
Bundan başqa müasir ananın gəliri imkan verirsə, həftədə bir dəfə evə müasir tələblərə cavab verən, dəbdə olan “ev təmizləmə şirkətləri”ndən birinin əməkdaşını dəvət edir və evin parıldaması uğrunda növbəti səviyyəyə yüksəlir. Lap kompüter oyunlarındakı kimi…
Ev, iş, ailə qayğıları bitəndən sonra müasir ana ailəsini və özünü sağlam qidalanma ilə təmin etməlidir. Yağlı, qızarmış, yüksək kalorili yeməklərdən uzaq durmaq, evdə qazlı-şəkərli içkilərə qadağa qoymaq, fastfud kimi yeməklərə veto qoymaq müasir ananın ümdə vəzifələrindən biridir.
Müasir ana bir gün oxuduğu elmi-tibbi məqalədə görür ki, günlərlə ac qalmaq orqanizmə daha faydalıdır. Növbəti məqalə ona şəkər və un məmulatlarından tamamilə imtina etməsini tələb edir.
Bir başqa Avropa universitetlərinin alimlərinin gəldiyi qənaətə görə isə gündə bir dəfə qidalanmaq orqanizmin daha yaxşı işləməsinə kömək edir. Var olsun qlütensiz, şəkərsiz həyat!
Diş ətinə daha yaxşı qulluq vasitələri, qaraciyəri piylənmədən qorumağın 10 yolu, səhər yeməyi zamanı hansı məsullardan istifadə etmək məsləhətdir, sümüklərin əriməsinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır və s. məzmunlu məqalələr müasir ananın hər gün mütaliə etdiyi yazılar siyahısındadır. Bundan əlavə oxuduğu kitablar sırasında şəxsi inkişaf, motivasiya, psixologiya da var.
Bundan əlavə bu məzmunlu məqalələri müasir ana uşaqlarına aid olan, həyat yoldaşına müvafiq olan, valideynləri üçün faydalı olan hissələrini telefonun yaddaşında saxlayaraq, onlara da göndərir. Mütəmadi olaraq kitab, məqalə oxuyan, mütaliə edən müasir anaya məlum olur ki, bu günə kimi heç doğru-düzgün yatmayıbmış.
Sən demə, sağlam yatmaq üçün müvafiq balış və döşək olmalı imiş. Bədən mütləq müvafiq və standartlara cavab verən vəziyyətə gətirildikdən sonra yuxuya getmək olarmış. Bu iztirab azmış kimi, o, bu hərəkata həm həyat yoldaşını, həm də uşaqlarını qoşur. Nəticədə artıq heç kim istədiyi kimi yata bilmir. Çünki, qanun və qayda ilə müəyyən olunmuş yatmaq qaydası var imiş.
Müasir ana bu uğuru da müəyyən etdikdən sonra, daha sağlam olmaq üçün idman zalına getməyə başalyır. Uşaqları deməyin, onlar artıq şəhər çempionlarıdır.
Müasir ana idman zalına onsuz da hazırlıqlı getmişdi. Uzun müddətdir sağlam qidalanmaya üstünlük verən ana, artıq internet üzərindən bir sıra tədqiqatların nəticələri ilə tanış olmuş və özü üçün ən optimal məşq prosesini müəyyən edib. Və bütün qaydalara riayət etməklə nizam-intizamla idmanla məşğul olur.
Bir anlıq düşünün ki, müasir ananın etdikləri olduqca doğrudur. O, sağlam həyat tərzi keçirir, qlüten və şəkərdən imtina edib, idmanla məşğul olur, ailəsini də buna təşviq edir. Bəlkə də bu istiqamətdə müəyyən uğurları da mövcuddur. Bəlkə də, bir müddət sonra vegetarian olacaq. İşini də, evini də çatdırır. Karyerasında da uğurlu məqamlar var. Yeni çıxan kitabları oxuyur, filmlərə gedir, sərgilərdə iştirak edir, konsertlərə gedir, xeyriyyə tədbirlərində iştirak edir. Bundan savayı bütün xeyir-şər məclislərində də iştirak edir, korporativ tədbirlərə gedir, bəzən hətta onları təşkil də edir.
Amma sual yaranır. Heç nə yox, görəsən müasir qadın XX əsrin əvvəllərində yaşayan qadından daha xoşbəxtdirmi? Yoxsa, müasir dünyanın ona sırıdığı bütün öhdəlik və vəzifələri üstünə götürməklə özünü cıdır atına döndərib? Daim finiş xəttinə can atan, daim qalib olmaq üçün mücadilə edən, daim birinci olmaq üçün səy göstərən… pyedestalın ən yüksək pilləsinə qalxmaq nəyin bahasına başa gəlir görəsən?
Daim sinəsinə orden-medal taxmaqda iddialı olan müasir ana, qadın, həyat yoldaşı, işinin eksperti və s… Bir gün bu qaçaqaçda hər birimiz həyatın finiş xəttinə gələcəyik. Ən maraqlısı isə odur ki, bu xətt hər kəs üçün individualdır. Hər an baş verəcək, yaşanacaq finiş…
Arzu edirəm ki, bu xəttə çatanda, geri baxanda özümüzü cıdır atı kimi yox, həyatdan zövq almış biri kimi görək.
www.102info.az