BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) qlobal ekoloji problemlərin həlli üçün mühüm platformadır.
Bu barədə “Report”a açıqlamasında Serbiyanın sabiq təbii sərvətlər və ətraf mühitin mühafizəsi naziri, ekologiya və iqlim dəyişikliyi üzrə beynəlxalq məsləhətçi Andelka Mixaylov bildirib.
Onun sözlərinə görə, COP və ətraf mühit üzrə çoxtərəfli sazişlər iqlim dəyişikliyi ilə mübarizə üçün ideal olmasa da, bu gün onlar beynəlxalq ictimaiyyətin malik olduğu ən yaxşı vasitədir və buna görə də COP29-a fəal hazırlıq görülməlidir.
A.Mixaylov deyib ki, belə konfransların məqsədi ciddi iqlim problemləri üzrə konsensusa nail olmaq və iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyət planını qəbul etməkdir:
“Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək COP29-da bu fəaliyyət planının konkret olaraq necə həyata keçiriləcəyinə cavab verilməli və maliyyə mexanizmləri hazırlanmalıdır”.
Professor qeyd edib ki, bu istiqamətdə addım və nəticələrin ardıcıllığına nail olmaq üçün iştirakçıların arqumentlərinin dinlənilməsi və razılığa gəlmək istəyi zəruridir, çünki ətraf mühit və iqlim dəyişikliyi ilə sıx bağlı olan insanlığın gələcəyi təhlükə altındadır.
O vurğulayıb ki, siyasi qərarlar elmi araşdırmalara əsaslanmalıdır:
“198 ölkə Paris Sazişinin icrasını nəzərdən keçirmək və əsas məqsədi planetdə dayanıqlı gələcəyi təmin etmək olan qərarları razılaşdırmaq üçün böyük potensiala malikdir”.
www.102info.az