20 Yanvar faciəsindən 34 il keçir

Cəmiyyət


Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 34 il keçir.

Oxu.Az xatırladır ki, bununla bağlı Azərbaycanda Ümumxalq Hüzn Günüdür.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar.

Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Hadisələr nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb.

Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.

29 mart 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Azərbaycan xalqı üçüncü ildir ki, 20 Yanvar hadisələrini qalib xalq kimi yad edir.

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.

Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Şəhidlərimizin ruhu şad olsun!

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir