Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və 1906-cı də tikilmiş yaşayış evinə iki ünvan verilib və 23 nəfər qeydiyyatdan çıxarılıb.
Bu barədə Oxu.Az-ın redaksiyasına həmin evdə qeydiyyatda olan və sonradan çıxarılan Elşən Nəsirzadə şikayət ünvanlayıb.
Onun sözlərinə görə, Biləcəri qəsəbəsi, Vidadi küçəsi, ev 18A ünvanında qeydiyyatda olmaqla, həmin binada uzun müddət yaşayıblar:
“Həmin ev babamızın mülkü olaraq bizə qalıb və evin rəsmi sənədi, çıxarışı olmadığından biz orada yalnız “ev kitabı” (“domovaya kniqa”) deyilən sənədlə qeydiyyatda olmuşuq. Hətta oradan şəxsiyyət vəsiqəsi də almışıq. Lakin yaxın günlərdə banka müraciət edib, adıma gələn pul vəsaitini götürmək istədikdə mənim şəxsiyyət vəsiqəmin etibarsız olduğu, babamdan qalan və uzun müddət yaşadığımız evdən qeydiyyatdan çıxarılmağımız barədə məhkəmənin qərarının olduğu bildirildi. Həmin məhkəmə qərarı ilə maraqlanıb, Binəqədi Rayon İcra Şöbəsinə kimi getdim. Həmin qətnamənin bizə aid olmadığı, lakin bizim qeydiyyatda olduğumuz eyniünvanlı başqa bir yeni tikilmiş evdə başqa şəxslərin qeydiyyata düşdükləri aydın oldu.
Belə ki, bir neçə il öncə bizim evin yanında yeni ev tikilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin yenə evə eynilə bizim ünvan – Vidadi küçəsi, ev 18 A mənzil nömrəsi verilib. Nəticədə bizimlə birlikdə 23 nəfərə yaxın şəxs eyni ünvanda qeydiyyatda olub. Eyni zamanda, həmin evin sahibləri bank vasitəsilə onu ipoteka ilə alıblar və ödəmədikləri üçün ev əllərindən alınıb. Həmin vaxt eyni ünvan olduğu üçün biz də qeydiyyatdan çıxarılmışıq. Nəticədə biz “havada qalmışıq”.
Şikayətçi qeyd edib ki, şəxsiyyət vəsiqələri deaktiv edildiyi üçün tibbi sığortadan, səhiyyə xidmətlərindən və bir çox digər haqları olduğu hüquqlardan istifadə edə bilmirlər.
Məsələ barədə Əmlak Məsələləri Dövlət Xidməti ilə əlaqə saxladıq.
Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, köhnə qaydalarla təyin olunmuş ünvan məlumatlarında bir sıra uyğunsuzluqların (təkrarlanma halının) olması səbəbindən “Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli, 590 nömrəli Fərmanı ilə verilmiş tapşırıqların icrası məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak obyektlərinin girişlərinə yeni qaydalarla ünvan verilməsi işləri aparılır:
“Görülən işlər çərçivəsində sözügedən ərazidə yerləşən daşınmaz əmlak obyektlərinə də yeni ünvanlar təyin edilib. Yeni qaydalarla təyin olunmuş ünvanlar unikal olmaqla təkrarlanma halı yolverilməzdir.
Yeni ünvanvermə konsepsiyasına müvafiq olaraq təyin edilmiş ünvan rekvizitləri göstərilməklə fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarına dair çıxarış əldə etmək üçün hüquqmüəyyənedici sənədlərlə və şəxsiyyəti təsdiq edən sənədlə müvafiq “ASAN xidmət” mərkəzinə müraciət ediləcəyi təqdirdə qeyd olunan məsələyə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılacaq”.
İlhamə Əbülfət
www.102info.az