13 il əvvəl Pakistan İslam Respublikasında yaradılan qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunan Ramin Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Ramin Məmmədova altı ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Ona görə ki, R.Məmmədova cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox cəza verilə bilməz. Pakistan İslam Respublikasının qanunvericiliyinə görə cinayət törətmədən hər hansı bir vətəndaşın təşkilata üzv olması altı ay müddətində cəza və pul cəriməsi ilə cəzalandırılır.
R.Məmmədovun cəzası həbs edildiyi gündən hesablandığı üçün o, hökmün elanından bir neçə gün sonra azadlığa buraxılıb.
Qeyd edək ki, 40 yaşlı Şəki şəhər sakini R.Məmmədov 2011-ci ilin aprelində Pakistanda cihadda iştirak etmək məqsədilə İranın Məşhəd şəhərinə gedib. O, İran ərazisindən qaçaq yolla Pakistanın Miranşah şəhərinə keçərək milliyyətcə kürd olan “Abdulqahar” dini ləqəbli “Taliban” əmirinin rəhbərlik etdiyi, 25-30 nəfər Türkiyə vətəndaşından ibarət silahlı birləşmənin tərkibinə daxil olub. 10 ay müddətdə ona təhkim olunmuş “Kalaşnikov” markalı avtomat silahla həmin silahlı birləşmənin nəzarətindəki postların mühafizəsini təşkil edib.
Müttəhim ittihama münasibətdə özünü təqsirli bilib. İfadəsində deyib ki, Pakistanda türk qrupları ilə birlikdə “Abdulqahar” camaatına qoşulub, silahlı birləşmənin tərkibinə daxil olub: “Silah verilsə də, silahdan istifadə etməmişəm. Yalnız gözətçi kimi postlarda “rebat”a çıxmışam, döyüşdə iştirak etməmişəm, xəsarət almamışam, təlimlərdə iştirak etməmişəm”.
R.Məmmədovun ifadəsinə görə, bir müddət “Abdulqahar” camaatının tərkibində xidmət etdikdən sonra bu əməllərin İslam dininə heç bir bağlılığının olmadığını, hətta ziddiyyət təşkil etdiyini başa düşüb. Ona görə də evinə, ailəsinin yanına qayıtmaq qərarına gəlib. O, əməlindən peşman oduğunu, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edib.
www.102info.az