2023-cü ilin iyunun 25-dən Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.
Paytaxt Bakı, Sumqayıt və Gəncə şəhərlərində qiymətlər müəyyən edilib.
Qərarda göstərilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.
Bəs lizinq yolu ilə avtomobil almış adam evinin yaxınlığındakı parklanmadan istifadə etmək üçün nə etməlidir? Hansı sənədləri hansı qurumlara təqdim etməlidir?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.
AYNA-nın mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bunun üçün rəsmi lizinq müqaviləsinin sürəti lazımdır:
“Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, fərdi parklanma talonuna müraciət üçün digər sənədlərlə yanaşı, nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə həmin sənədlərin surəti tələb olunur.
Hüquqi şəxs tərəfindən nəqliyyat vasitəsinə dair Mülki Məcəllənin 362.5-ci maddəsinə uyğun olaraq, etibarnamə verildikdə, fərdi parklanma talonu üçün müraciət etmək mümkündür. Hər hansı bir binada qeydiyyat üzrə yaşayan şəxsin adına rəsmi lizinq müqaviləsi ilə avtomobil varsa, onun surəti təqdim edilməlidir”.
İlhamə Əbülfət
www.102info.az