2023-cü il ərzində Bakı şəhərində və ölkənin ümumi istifadədə olan avtomobil yollarında habelə yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 694 yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2023-cü il üzrə hesabatında qeyd edilib.
Ümumilikdə yol təsərrüfatına 785 766,9 manat məbləğində maddi ziyan dəyib, bundan 492 118,6 manatı (62,6%) ödənilib. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 16 yol-nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib. 59 yol-nəqliyyat hadisəsini törətmiş şəxslər məlum olmadığına görə isə səbəbkarın araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.
2023-cü il ərzində işğaldan azad edilmiş avtomobil yollarında, Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 5 946 yol nişanları, 11 863 siqnal dirəkləri, 87,6 km uzunluğunda əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 2 969,3 min kvadratmetr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.
www.102info.az