Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb.
Belə ki, təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər. Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub.
Bəs faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində açılan cinayət işi üzrə (Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər) həbs edilən dörd nəfərə Xətai Rayon Məhkəməsində oxunan hökm qüvvədə qalacaq, yoxsa qüvvədən düşəcək?
Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin qərarına əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, idmançının barışıq ərizəsi yazması xuliqanlıqla bağlı cinayət təqibini dayandırmır.
“Cinayət-prosessual qanunvericiliyinə görə araşdırılan xuliqanlıq faktı üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirildiyindən təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışması onların cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi üçün əsas deyil.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.
Könül Cəfərli
www.102info.az