Azərbaycan Ordusunda qidalanma: Hansı yeməklər verilir, sistem necədir? – ARAŞDIRMA + FOTO

Cəmiyyət


Hərbçilərin düzgün qidalanması müdafiə sisteminin vacib şərtlərindəndir. Çünki qidalanma onların gündəlik fəaliyyətinə, döyüş hazırlığına, təlim-tədrisinə təsir edən əsas amillərdəndir. Bu baxımdan, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qidalanma rasionunda və rejimində də zaman-zaman müəyyən yeniliklər edilib. Hazırda da bu istiqamətdə NATO standartları tətbiq edilməkdədir.

Dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Ordusu hələ tam formalaşmamışdı, texnika ilə təchizat bir yana, şəxsi heyətin normal qidalanmasında ciddi problemlər vardı. Vahid qidalanma cədvəli yox idi, hərbçilərin gündəlik qida rasionu düzgün tənzimlənmirdi. Nəticədə əsgərlər əllərində torba və ya su bidonları ilə rayon mərkəzlərinə, kəndlərə enirdilər. Qapı-qapı gəzib çörək və digər yeyəcəklər yığırdılar, artezianlardan su daşıyırdılar. Hətta faktlar var ki, keçmiş döyüş bölgələrində, düşmənlə cəbhə xəttinə yaxın yaşayış yerlərində bir evdə beş çörək bişirdisə, onun ikisi hərbçilər üçün ayrılırdı. Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti və bir neçə rayonun işğalını nəzərə alsaq, bunların nə qədər acı bir durum olduğunu təsəvvür etmiş olarıq. Təəssüf ki, 1990-cı illərin əvvəlləri Azərbaycan hərb tarixində məhz belə yadda qalıb.

Azərbaycan dövləti siyasi və iqtisadi cəhətdən inkişaf etdikcə hərbi sahə də dirçəlməyə başladı. Bununla belə, çatışmayan hələ çox şey vardı. Burada da zamana ehtiyac duyulurdu və o zaman çox sürətlə keçdi.

Artıq Azərbaycan əsgəri kimdənsə çörək almır. Çünki Silahlı Qüvvələrdə vahid və nizamlı qida rasionu və təminatı yaradılıb. Müasir standartlara cavab verən bütün hərbi hissələr soyuducu anbarlarla təchiz edilib. Həmçinin hərbi hissə daxilində təsərrüfat işlərinə mülki işçilər cəlb olunub, artıq əsgər yeməkxanalarında əsgərlər deyil, mülki aşpazlar çalışırlar.

Ordunun gündəlik qidalanması necə təşkil olunur, qida rasionuna nə daxildir?

Bu suala cavab tapmazdan əvvəl dünyanın bəzi qabaqcıl ölkələrində hərbi qulluqçuların qida rasionuna diqqət çəkək;

“Business Insider”in araşdırmasına görə, ABŞ Silahlı Qüvvələrində konservləşdirilmiş hərbi qidalar mülayim temperaturda 3,5 il, isti iqlimdə isə doqquz ay ərzində təzə qalır. Ordunun qida rasionunda fastfudlardan və üçillik saxlama müddəti olan pizzalardan da istifadə olunur. ABŞ hərbiçiləri daha çox “MRE” – yeməyə hazır qidalardan istifadə edirlər. Bu qidaları xüsusi isitməyə və hər hansı bir qatqı əlavə etməyə ehtiyac olmur. Onların seçimlərinə lobya, toyuq əriştəsi və spagetti daxildir. Həmçinin pendir, qurudulmuş meyvə içkiləri, badam, xaşxaş toxumu da “MRE” formasında qida rasionuna daxil edilib. Əsgərlər, hətta ad günlərini xüsusi “MRE” tortlarla qeyd edə bilirlər. Alimlərin tədqiqatlarından sonra 3 il saxlama müddəti olan bibərli pizza da hərbçilərin qida rasionuna daxil edilib. Bəzi hallarda dini və sosial baxışlarına görə (vegetarianlar və s.) onların qida rasionuna digər yeməklər də əlavə olunur.

Böyük Britaniyada əsgərlərin qida rasionuna milli yemək olan “tikka masala” toyuğu əlavə olunub. Onlara, həmçinin vegetarian yeməkləri, makaron, donuz əti və lobya da verilir.

Cənubi Koreyada əsgərlərə toyuqlu düyü, lobya, donuz əti kolbasaları, küftələr, qurudulmuş ədviyyatlı tərəvəz bulyonu verilir. Koreyanın dəniz piyadaları potensial təhlükələrə hazır olmaq üçün hərbi təlimlər zamanı heç bir qatqıya və isitməyə ehtiyacı olmayan hazır yeməklərlə qidalanırlar. Bu ölkənin ordusunda milli yemək kimi düyü və ət tərkibli “bibimbap”dan da istifadə edilir. 2020-ci ildə ordu əsgərlərin tezliklə veqan yeməkləri yeyə biləcəklərini bəyan edib. Yeni menyuya “tofu”, tərəvəzlər, salatlar və vegetarian “bibimbap” da daxil edilib.

Bəs Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçuların qida rasionunda hansı yeniliklər edilib? Bu istiqamətdə NATO və qardaş Türkiyənin qidalanma sistemi necə tətbiq olunur? Bir sözlə, şəxsi heyətin qida rasionu müstəqilliyin ilk illərindəki vəziyyətdən nə ilə fərqlənir?

Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və bölmələrinin hərbi qulluqçularının gündəlik isti yeməklərlə qidalanması hərbi hissələrdə (gəmilərdə) ştata uyğun yeməkxanalar, kambuzlar va kayut-kompaniyalar vasitəsilə həyata keçirilir:

Azərbaycan Ordusunda qidalanma – hansı yeməklər verilir?

“Hərbi qulluqçuların kontingenti və onların qida təminatı normalarından asılı olaraq hərbi yeməkxanalar əsgər, matros, kursant və zabit yeməkxanalarına bölünür. Şəxsi heyətin qidalanmasının düzgün təşkili, onların səhhətlərinin qorunması və möhkəmləndirilməsi, həmçinin döyüş və ictimai hazırlığının yüksəldilməsi ən mühüm şərtlərdəndir. Buna görə də hərbi hissə komandirləri, maddi-texniki təminat bölmə rəisləri və ərzaq xidməti rəisləri şəxsi heyətin keyfiyyətli, tam dəyərli, dadlı və müxtəlif çeşidli yeməklərlə qidalanmasının təmin edilməsinə daim qayğı göstərirlər.

Hərbi qulluqçuların ərzaq payı normaları Nazirlər Kabinetinin 8 yanvar 2013-cu il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilib. Ərzaq payı normaları əsas və quru ərzaq paylarına bölünür. Əsas ərzaq payı normalarına ümumqoşun ərzaq payı norması, dənizçi heyəti üçün ərzaq payı norması, uçuş heyəti üçün ərzaq payı norması, müalicə ərzaq payı norması və kursant ərzaq payı norması daxildir. Hərbi lisey kursantları üçün ərzaq payı normasına xüsusi təyinatlı dəstələrinin ərzaq payı norması, kəşfiyyat qrupları üçün ərzaq payı norması, ümumqoşun quru ərzaq payı normaları daxildir. Əsas ərzaq payı normalarından başqa müxtəlif xüsusi şəraitlərdə xidmət edən hərbi qulluqçulara müxtəlif əlavə ərzaqlar verilir. Əsas ərzaq payı normasına əlavə ərzaqların verilməsi hərbi qulluqçuların müxtəlif iqlim, ərazi və çətin xidmətlə bağlı şəraitlərdə enerjisini daha da çoxlu miqdarda itirməsi ilə əlaqələndirilir”.

Nazirlikdən qeyd edilib ki, adi şəraitdə xidmət edən hərbi qulluqçuların ərzaq payı normalarının enerji dəyəri ümumqoşun ərzaq payı norması üzrə gündəlik 4 000-4 100 kkal, dənizçi heyəti üçün ərzaq payı norması üzrə gündəlik 4 035-4 120 kkal, uçuş heyəti üçün ərzaq payı norması üzrə gündəlik 4 385-4 450 kkal, müalicə ərzaq payı norması üzrə gündəlik 3 934-4 000 kkal, kursant ərzaq payı norması üzrə gündəlik 3 930-4 050 kkal, hərbi lisey kursantları üçün ərzaq payı norması üzrə gündəlik 4 400-4 500 kkal, xüsusi təyinatlı dəstələrin ərzaq payı norması üzrə 4 974-5 000 kkal enerji dəyərinə malikdir.

“2013-cü ildən etibarən milli yeməklər hərbi qulluqçuların qida rasionuna daxil edilib. Yemək menyuları tərtib olunarkən şəxsi heyətin fikirləri nəzərə alınmaqla müxtəlif çeşidli dolmalar (kələm, badımcan, pomidor, bibər), küftə-bozbaş, parça-bozbaş, düşbərə, səbzi plov, dovğa və digər milli yeməklərin bişirilməsinə üstünlük verilir. Yüksək dağ şəraitində yerləşən və döyüş növbətçiliyi aparan bölmələrin şəxsi heyəti üçün yay mövsümündə 4,5 litr (2 litr içmək üçün və 2,5 litr yeməklərin hazırlanması üçün), qış vaxtı isə 3,5 litr (1 litr içmək üçün və 2,5 litr yeməklərin hazırlanması üçün) iç qablaşdırılmış su təminat normalarına daxil edilib”, – məlumatda bildirilib.

Ərzaq növlərinin çeşidləri 50 növdən 125 növə çatdırılıb

Nazirlikdən, həmçinin qeyd edilib ki, iş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı verilir:

“Hərbi hissələrin təhlükəli, əlverişsiz, yüksək dağlıq şəraitində yerləşən bölmələrinin şəxsi heyəti üçün uzunmüddətli konservləşdirilmiş 1-ci və 2-ci hazır milli və keyfiyyətli yeməklərlə təmin edilməsi üzrə lazımi tədbirlər görülüb. Belə ki, tez bir zamanda yeməklərin hazırlanmasını asanlaşdırmaq və şəxsi heyəti çeşidli yeməklə təmin etmək məqsədilə müxtəlif çeşidli dolmalar (kələm, badımcan, pomidor, bibər, qarışıq dolma), küftə, tas kabab, ətli noxud, ətli lobya, ətli yaşıl lobya və mərcimək şorbası konservləşdirilmiş halda şəxsi heyətin qidalanmasına daxil edilib.

Şəxsi heyətin qidalanmasının yaxşılaşdırılması məqsədilə ərzaq növlərinin çeşidləri artırılaraq 50 növ ərzaqdan 125 növ ərzağa çatdırılıb. Yeni inşa edilən yeməkxanalarda şəxsi heyət üçün isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması üçün çörəkbişirmə sexləri nəzərdə tutulub. Həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat məmulatları olaraq müxtəlif çeşidli bulkalar bişirilərək şəxsi heyətin qidalanmasına daxil edilir. Hazırda Azərbaycan Ordusunun hərbi hissələrində müasir tələblərə cavab verən yeməkxanalar və ərzaq anbarlarının inşası davam etdirilir. Yeməklərin keyfiyyətinin və çeşidliliyinin artırılması, eləcə də şəxsi heyətə milli, dadlı xörəklərin hazırlanmasının təmin edilməsi məqsədilə əsgər aşpaz heyəti peşəkar mülki aşpaz heyəti ilə əvəz olunub”.

Qurumun mətbuat xidmətinin məlumatına görə, şəxsi heyətin mənəvi-psixoloji durumu öyrənilən zaman məlum olub ki, qidalanma zamanı əsgərlər tərəfindən milli yeməklərə üstünlük verilir:

“Bu da çox müsbət qarşılanır. Bu səbəbdən sovet ordusunun dövründə olan buğda yarması, darı, arpa, yulaf kimi ərzaq növləri əsas normadan çıxarılaraq, milli yeməklərimiz olan küftə, parça-bozbaş, qarışıq dolma, düşbərə, müxtəlif çeşidli plov və digər milli yeməklərlə əvəz olunub. Azərbaycan Ordusunda şəxsi heyətin qidalanması və gündəlik normanın çatdırılması daimi olaraq nəzarətdə saxlanılır. Şəxsi heyətin təzə ərzaq məhsulları ilə təmin edilməsi üçün əlavə olaraq zəruri tədbirlər həyata keçirilir. Bundan başqa, uzun müddətdir ki, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədi ilə Azərbaycan Ordusunda hərbi qulluqçular təsərrüfat işlərinin görülməsi və yeməklərin hazırlanması kimi işlərdən azad edilib”.

Daxili Qoşunlarda qidalanma necədir?

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, Daxili Qoşunlarda şəxsi heyətin normaya uyğun, keyfiyyətli qidalanması diqqət mərkəzindədir.

“DİN-in Daxili Qoşunlarının hərbi hissələrinin əsgər yeməkxanalarının fəaliyyəti normativlərə uyğun təşkil olunur. Hərbi hissə komandanlığının xüsusi nəzarətində olan əsgər yeməkxanalarında hazırlanan qidanın keyfiyyəti, eləcə də buradakı səliqə-sahmana və gigiyenik qaydalara ciddi əməl edilir. Qidaların hazırlanması və rasiona uyğun təşkili ilə xüsusi hazırlığı ilə seçilən mülki işçi heyəti məşğul olur. Hərbi hissələrdə şəxsi heyətinin qida rasionunda milli mətbəxə üstünlük verilir. Belə ki, şəxsi heyətin qidalanması müvafiq əmrin tələbləri əsasında təşkil olunur. Həftə ərzində hərbi qulluqçular normativlə müəyyən olunan qida ilə təmin edilir. Xüsusilə qida rasionuna birinci xörək yarmalı şorba, lobya şorbası, kələm borşu, düyü şorbası, noxud şorbası, küftə bozbaş, ikinci xörək olaraq isə qarabaşaq – mal əti ilə, makaron – mal əti ilə, plov – mal əti ilə, kartof əzməsi – mal əti ilə, kartof əzməsi – mal əti konservi ilə, kələm dolması, mal əti sousu və s. daxildir. Bununla yanaşı, gündəlik olaraq mövsümi salatlar və meyvə şirələri də verilir”, – deyə məlumatda qeyd olunub.

Bəzi ölkələrdə hərbi qulluqçulara spirtli içkilər verilir

Hərbi ekspert Tərlan Eyvazov bildirib ki, Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçuları müstəqilliyin ilk illərində keçmiş Sovet İttifaqı qaydaları ilə qidalanırdılar.

“Son dövrlər orduda hərbi qulluqçuların qidalanmasında yeniliklər edilib. Hazırda daha çox milli mətbəxə üstünlük verilir. Bu proses 10 il əvvəl başlayıb. Hərbi hissələrdə əvvəllər əsgər əməyinə əsaslanan təsərrüfat işlərinə, hərbi qulluqçuların gündəlik yeməklərinin hazırlanmasına mülki işçilər, qadın aşpazlar cəlb olunublar. NATO və Sovet İttifaqı standartları arasında böyük fərq var. NATO-da tətbiq olunan standartlar daha mükəmməldir. Biz bunu qardaş Türkiyənin hərbi sistemində müşahidə edirik. Türkiyə Silahlı Qüvvələri ilə hərbi əməkdaşlıq çərçivəsində qida təminatı onlara uyğunlaşdırılıb. Türkiyə Ordusunun qida təminatı da NATO standartlarına əsasən təşkil olunur. Müəyyən ölkələr var ki, həmin ölkələrdə hərbi qulluqçulara spirtli içkilər də verilir. Azərbaycanda yerli şirkətlər ordu üçün quru qidalar istehsal edirlər. Hər il ordunun qida təminatında yeniliklər edilir. Müstəqilliyin ilk illərində hərbi qulluqçuların qida rasionunda ətin miqdarı azaldılmışdı. Hazırda daxili istehsal imkan verir ki, ordu kifayət qədər keyfiyyətli qida ilə təmin edilsin”, – deyə T.Eyvazov bildirib.

Hərbi ekspert Üzeyir Cəfərov da bildirib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qida rasionunda müstəqilliyin ilk illəri ilə müqayisədə xeyli dəyişiklik edilib, müsbət istiqamətdə irəliləyişlər müşahidə olunur.

“Bununla belə hələ də köhnə standartlardan tam imtina olunmayıb. Prezident İlham Əliyev ordunun NATO və Türkiyə standartlarına uyğunlaşdırılması barədə göstəriş verib. Bu istiqamətdə bir sıra yeniliklər olub və yenə də olacağı gözlənilir. Bu gün istənilən hərbi qulluqçuya müraciət etsək, onlar qidalanmadan şikayət etməyəcəklər, çünki hərbi hissələrdə gündəlik üç dəfə, təyinatına görə bəzi qoşun növlərində isə beş dəfə qida ilə təminat olur. Keçmiş Sovet İttifaqı dövründə hərbi qulluqçuların qidalanması primitiv üsullarla aparılırdı. Lakin bəzi müsbət tərəflər də var idi. Qidalar laboratoriyalarda yoxlanılır, onların enerji dəyəri müəyyən olunur, hərbi qulluqçular fiziki aktivliklərinə görə müxtəlif qidalarla təmin olunurdular”, – deyə ekspert qeyd edib.

Türkiyədə hərbi qulluqçuların qidalanmasında Osmanlı izi

Türkiyəli hərbi ekspert Osman Qazi Kandemir bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin qidalanmasında Osmanlıdan qalan ənənəvi qidalanma sistemindən istifadə edilir.

“Bu sistemdə hərbi qulluqçular əvvəlcədən hesablanan gündəlik kalori tələbatına uyğun qidalarla təmin olunurlar. Qidaların aylıq maliyyəti hesablanır. Bu hesaba görə hər əsgərə müəyyən miqdarda pul ayrılır. Bu pullar cəmlənərək qoşun və birliklərə hərbi qulluqçuların qida rasionunun təmin edilməsi üçün hesablanır. Mərkəz ərzaq məhsullarını alaraq birliklərə paylayır. Zabitlərin gündəlik qida tələbatının ödənilməsi üçün əlavə vəsait verilir. Onlar birliklərdə yemək yeyəndə həmin qidanın xərci onlara ayrılan vəsaitdən çıxılır. Bu, Osmanlı dövründən davam edən bir sistemdir. NATO və bəzi Qərb ölkələrində fərqli sistemdən istifadə olunur. Onlar xüsusi yetişdirilən hərbi qulluqçular, birliklər üçün nəzərdə tutulan ödənişsiz qidalardan istifadə edirlər. Azərbaycan Silahlı Qüvvələrində də Türkiyənin hərbi təcrübəsindən istifadə edilir. Təbii ki, bura hərbçilərin qidalanması da daxildir. Ola bilər ki, Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçuların sayı artdıqca fərqli sistem istifadə edilsin”, – deyə türkiyəli ekspert vurğulayıb.

Beləliklə, bir daha əmin olduq ki, hərbi qulluqçuların qidalanması onların döyüş qabiliyyətinə birbaşa təsir göstərir. Bunu 2020-ci ildə 44 günlük Vətən müharibəsi və tarixi Zəfərimiz də sübut etdi. Əgər zamanın tələbi ilə zamanında ayaqlaşmasaydıq, ordu quruculuğunu kompleks şəkildə formalaşdırmasaydıq, bugünkü Azərbaycan Ordusu ilə fəxr edə bilməzdik. Bu gün isə Ordumuzla qürur duyuruq. Çünki o, qalib ordudur!

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir