Sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi təhsilin dövlət standartları təsdiqlənib.
“Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Standartlarda xüsusi təhsilin məzmununa dair tələblər, xüsusi təhsilin idarə olunması, təhsil müəssisəsinin maddi-texniki bazası, infrastrukturu ilə bağlı məsələlər, təhsilin təşkili formaları və normativləri, eləcə də təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi növləri əks olunub.
Dövlət standartları aşağıdakıları müəyyən edir:
– xüsusi təhsilin məzmununu;
– xüsusi təhsilin idarə olunmasını;
– xüsusi təhsilin maddi-texniki və tədris bazasını;
– xüsusi təhsilin infrastrukturunu;
– xüsusi təhsildə təhsilverənlərin keyfiyyət göstəricilərini;
– xüsusi təhsilin təşkilini;
– təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsini.
Dövlət standartları mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir. Dövlət standartları təhsil müəssisələri üçün tədris planlarının və təhsilalanlar üçün fərdi tədris planlarının hazırlan masında əsas götürülür.
Dövlət standartları beş il müddətinə qüvvədədir.
Xüsusi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:
– fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarının nəzərə alınması;
– təhsilalanların yaş, fiziki, psixoloji və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, onların sosial, idraki, estetik inkişafının, sadə əmək vərdişlərinə, zəruri həyati bacarıqlara, sosial, milli və ümumbəşəri dəyərlərə yiyələnməsinin prioritet hesab edilməsi;
– korreksiyaedici məşğələlərin təşkil edilməsi;
– təhsilalanlara zəruri bilik, bacarıq və vərdişlərin aşılanması;
– təhsilalanlarda özünəxidmət bacarıq və vərdişlərinin formalaşdırılması;
– təhsilalanların müstəqil əmək və ailə həyatına hazırlanmasının təmin edilməsi;
– təhsilalanların potensial imkanlarını, yaşını, istək və maraqlarını nəzərə alaraq, onların əqli, fiziki, sosial, emosional və nitq qabiliyyətlərini inkişaf etdirməklə öyrənmə mühitinin yaradılması;
– təhsilalanların sağlamlığının qorunması, psixofiziki inkişafında olan pozuntuların qarşısının alınması və onların sağlam həyat tərzinin təmin edilməsi;
– təhsilalanın sosial mühitdə və cəmiyyətdə səmərəli şəkildə yaşamasına imkan verən fərdi sosial və mənəvi keyfiyyətlərin formalaşdırılması;
– təhsilalanlarda kommunikativ, əqli və digər fəaliyyətlərin stimullaşdırılması.
Xüsusi təhsilin məzmunu milli və ümumbəşəri dəyərləri əks etdirməklə dünyəvilik, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, varislik və inteqrativlik prinsipləri əsasında hazırlanır. Xüsusi təhsilin məzmununa təhsilalanların ümumi inkişafına xidmət etməyən, tətbiqi və tərbiyəvi xarakter daşımayan, milli və ümumbəşəri dəyərlərə zidd olan, elmi cəhətdən təsdiqini tapmayan, mübahisə doğuran, habelə məzmunu ağırlaşdıran az əhəmiyyətli, ikinci dərəcəli məsələlərin daxil edilməsi yolverilməzdir. Xüsusi təhsilin idarə olunması aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
hesabatlılıq – təhsil müəssisələrinin fəaliyyətində iştirak edən kollektiv üzvlərinin qarşılıqlı hesabatvermə yolu ilə tapşırılmış iş sahəsində cavabdehliyinin və vəzifə məsuliyyətinin təmin edilməsi;
məsuliyyətin bölüşdürülməsi – demokratiklik, şəffaflıq və sistemlilik əsasında idarəetmədə çevik nəzarət mexanizminin tətbiq edilməsi;
inkişafın monitorinqi – təhsilalanların nailiyyətlərinin və pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin dinamikasının izlənilməsi yolu ilə perspektivlərin müəyyənləşdirilməsinin, habelə zəruri hallarda idarəetmə sistemində müvafiq dəyişikliklərin aparılmasının təmin edilməsi.
Təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. İdarəetmədə demokratikliyi və şəffaflığı daha yüksək səviyyədə təmin etmək məqsədilə təhsil müəssisələrində ictimai əsaslarla fəaliyyət göstərən özünüidarə orqanları (məktəb şurası, qəyyumlar (himayəçilər) şurası, valideyn komitəsi və s.) yaradıla bilər. Təhsil müəssisəsinə rəhbərliyi qanunla müəyyən olunmuş qaydada vəzifəyə təyin edilmiş direktor həyata keçirir.
Təhsil müəssisəsinin maddi-texniki və tədris bazası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə uyğun olmalıdır. Təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, tibb xidməti otağı, reabilitasiya və korreksiya kabinetləri, bufet və ya yeməkxana, təhsilalanlar və təhsilverənlər üçün mebel avadanlığı, informasiya- kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris- əyani vəsaitlər, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu və tədris-təcrübə sahəsi daxildir. Təhsil müəssisəsinin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı binalar və qurğular, sadə idman, təlim meydançaları və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb xidməti və iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri və internet xidməti daxildir. Təhsil müəssisəsinin infrastrukturu müvafiq standartlara cavab verməli və təhsilalanlar üçün əlçatan olmalıdır. Xüsusi təhsildə müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Ucqar yaşayış ərazilərindəki təhsil müəssisələrində ixtisaslı pedaqoji kadr çatışmadıqda, məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir. Təhsil müəssisələrində çalışan təhsilverənlər, əsasən aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar:
– ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə;
– təhsilalanlarla həssas ünsiyyətqurma və iş bacarığına;
– təhsilalanın yaşına, inkişaf səviyyəsinə və potensial imkanlarına uyğun tədris metodlarını seçmək qabiliyyətinə;
– təhsilalanın maraqlarını və imkanlarını müəyyən etmək və onları inkişaf etdirmək qabiliyyətinə;
– əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;
– əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına;
– öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarıqlarına;
– ədalətlilik, məsuliyyətlilik və cavabdehlik keyfiyyətlərinə;
– yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak qabiliyyətinə.
Təhsil müəssisələri müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla, təhsilalanların sayı 100 nəfər və daha çox olduğu hallarda yaradılır. Təhsilalanların sayı 100 nəfərdən az olduqda, ümumi təhsil müəssisələrində xüsusi siniflər təşkil edilir. Təhsil müəssisələrində təlim-tərbiyə prosesi Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq tədris planı və proqramlar əsasında aparılır. Təhsil müəssisələrində təlim-tərbiyə işləri təhsilalanların əqli və ya fiziki pozuntuları, onların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə təhsilalanların mövcud tədris proqramları həcmində bilik almasına, onların müəyyən sahələr üzrə bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə, cəmiyyət və təbiət hadisələri barədə məlumatlarının artırılmasına, fiziki və estetik tərbiyəsinin inkişafına xidmət edir. Təhsil müəssisələrində təhsilalanların korreksiyaedici məşğələlərə cəlb olunmaları təmin edilir. Korreksiyaedici məşğələ təhsilalanların məhdudiyyətindən (əqli, fiziki və psixi) asılı olaraq dəyişir və onların sosial, emosional, koqnitiv, əqli və fiziki inkişafına xidmət edir. Korreksiyaedici məşğələ təhsil müəssisəsində, yaxud ixtisaslaşmış reabilitasiya mərkəzində həyata keçirilə bilər.
www.102info.az