Bələdiyyələrin inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində ümumi istifadə üçün örüş torpaqları ötən müddət ərzində əhalinin, eləcə də onların mal-qarasının sayının artması ilə əlaqədar hazırda tələbatı ödəmir.
“Report” xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub.
Bildirilib ki, digər tərəfdən bələdiyyələrin fəaliyyətə başladığı ilk illərdə ümumi istifadə üçün örüş sahələrinin ölçüləri, sərhədləri və koordinatlarının dəqiq müəyyənləşdirilməməsi bələdiyyələrin ehtiyat fondunun örüş torpaqlarının icarəyə verilməsi zamanı ümumi istifadə üçün ayrılmış örüş sahələri ilə üst-üstə düşüb-düşməməsini aydınlaşdırmaqda çətinliklər yaradır.
Məruzədə vurğulanıb ki, həmçinin bəzi bələdiyyələrin ərazisində bu məqsəd üçün nəzərdə tutulan örüş sahələrinin yaşayış məntəqəsindən çox uzaqda yerləşməsi ondan istifadəni mümkünsüz edir:
“Yerli əhalinin mövcud və perspektiv tələbatı nəzərə alınaraq ümumi istifadə üçün örüş sahələrinin ayrılması məsələsinə yenidən baxılması barədə” tövsiyə hazırlanaraq bələdiyyələrə göndərilib. Yerli əhalinin hazırkı və yaxın gələcək üçün tələbatı nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə dəqiq yerquruluşu və kadastr sənədləri hazırlanaraq ümumi istifadə üçün örüş sahələrinin yaşayış məntəqələrinə maksimum yaxın ərazilərdə ayrılması məsələsinə yenidən baxılması tövsiyə olunub”.
www.102info.az