Bakının mərkəzində yerləşən, gələcək taleyi məlum olmayan binalardan biri də əhali arasında “Kəndçilər xəstəxanası” (sovet dönəmində əhalinin bütün təbəqələri üçün əlçatan olması, eyni zamanda dəmir yoluna yaxın ərazidə olduğu səbəbindən belə adlandırılıb – red.) kimi tanınan keçmiş 4 saylı Şəhər Kliniki Xəstəxanasının binasıdır. Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsi, 61 ünvanında yerləşən, 1911-1912-ci illərdə arxitektor Konstantin Borisoqlebskinin layihəsi əsasında tikilən bina Bakı Real Məktəbindən sonra ikinci ən böyük təhsil ocağı olub. Sözügedən bina sovet işğalından sonra 4 nömrəli Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. Tibb müəssisəsi 2018-ci ildən köçürüldüyündən bina Səhiyyə Nazirliyinin balansından çıxarılıb. Hazırda da istifadəsizdir.
“Report” mövzu ilə bağlı araşdırma aparıb, binanın aqibətinin necə olacağı ilə bağlı suallara aydınlıq gətirib.
Səhiyyə Nazirliyi binanın qurumun balansından çıxarıldığını təsdiqləyib. Qeyd olunub ki, hazırda onun nazirliyə heç bir aidiyyəti yoxdur.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “Report”a bildirilib ki, əmlak kompleksi (keçmiş 4 nömrəli Şəhər Klinik Xəstəxanasının binası) hazırda Dövlət Xidmətinin tabeliyindəki “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin balansındadır. Məlumata görə, bina ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınaraq dövlət tərəfindən qorunur. Əmlak kompleksi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 6-cı maddəsinin 6.2.3-cü bəndinə görə, özəlləşdirilməsi qadağan olunan obyektlər siyahısına daxildir.
Bina ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınıb, dövlət tərəfindən qorunduğundan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə binanın restavrasiya olunması ilə bağlı idarənin hansısa planının olub-olmadığı sualını ünvanladıq. Dövlət Xidmətindən bildirilib ki, ölkə əhəmiyyətli memarlıq abidəsi olan 4 nömrəli Şəhər Klinik Xəstəxanasının binası Səhiyyə Nazirliyinin balansındadır: “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna uyğun olaraq istifadəsində və ya mülkiyyətində tarixi abidə olan hüquqi və ya fiziki şəxslər həmin abidəni öz vəsaiti hesabına bərpa etməlidirlər. Eləcə də həmin şəxslər mülkiyyətində olan tarixi abidələrdə bərpa, konservasiya işləri apararkən, həyata keçiriləcək işlərin layihəsini Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. Bərpa-konservasiya işlərinin layihəsi müvafiq qaydada təsdiq edildikdən sonra, həmin işlər mütəxəssislərin nəzarəti altında həyata keçirilə bilər”.
Bakının arxitektura tarixinin tədqiqatçısı Fuad Axundov “Report”un suallarını cavablandırarkən söyləyib ki, ora inqilabdan əvvəl Bakının ən yaxşı təhsil müəssisələrindən biri olub:
“XX əsrin əvvəllərində bu binada Bakının ən prestijli təhsil ocaqlarından olan Rusiya imperatoru III Aleksandr adına Kişi Gimnaziyası yerləşib. Təhsil ocağının fəxri himayədarı məşhur xeyriyyəçi İsa bəy Hacınski olub. Özünün də evi həmin gimnaziyanın yaxınlığında yerləşib. O zaman həmin küçə Balaxanski adlanırdı, sovet dövründə “Basin” etmişdilər. Hazırda Füzuli küçəsidir. İsa bəy Hacınski, həmçinin Bakı Şəhər Dumasının qlasnısı (deputatı) idi. O, illik 1200 rubl ianədən başqa Mineralnı Vodı şəhərində gimnaziya üçün bağ yeri də almışdı. Qeyd etmək istəyirəm ki, adıçəkilən gimnaziya bu bina tikilənə qədər də var idi. Əvvəllər o, keçmiş “Vətən” kinoteatrının binasında yerləşirdi. Sovet dövründə bu binadan xəstəxana kimi istifadə olunmağa başladı”.
Tədqiqatçı deyib ki, binanın bundan sonrakı taleyi il bağlı düşünəndə ilk olaraq onun mühitini nəzərə almaq lazımdır: “Orada bundan sonra ya çox ciddi bir təşkilat, ya da elə təhsil müəssisəsi yerləşsə, daha yaxşı olar. Amma binanı onu əhatə edən tikililər kontekstində də nəzərdən keçirmək lazımdır. Binaya Səməd Vurğun küçəsi tərəfdən baxdıqda görmək olar ki, onun arxasında heç bir əhəmiyyəti olmayan birmərtəbəli tikili var. Həmin tikili köhnə olsa da, sökülməlidir. Bu birmərtəbəli tikili XX əsrin əvvəlində plansız tikinti işlərinin əks-sədasıdır. Bundan sonra kişi gimnaziyasının binasının bir məhəllə kimi tikintisini arxa hissəyə tərəf davam etdirmək olar. Orada, hətta yeraltı parklanma yeri və digər yardımçı tikililər tikib, bu baxımdan onu müstəqil etmək olar. Yəni binada yerləşə biləcək hər hansı bir təhsil müəssisəsi və ya digər təşkilatın parklanma problemi olmayacaq”.
F.Axundov vurğulayıb ki, həmin binanın gələcəyi ilə bağlı müzakirələr olarsa, onun ilkin profilinin davam etdirilməsinin, yəni təhsil müəssisəsi kimi fəaliyyət göstərməsinin tərəfdarıdır.
“Bakıda inqilabdan əvvəl təhsil müəssisəsi kimi tikilmiş binalar hazırda elə təhsil ocağı kimi fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan şəhərdə bir varislik ənənəsi var. Məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti əvvəllər “Real məktəb”, 132-134 nömrəli orta məktəb “Qızlar gimnaziyası”, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti “Kommersiya” məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Mexanika-Texniki məktəb olub”, – o bildirib.
www.102info.az