Rusiya şou-biznesində “Navai” təxəllüsü ilə fəaliyyət göstərən, “HammAli&Navai” duetinin keçmiş solisti Nəvai Bəkirovun Şəmkir rayonunda tikintisini apardığı ferması sökülür.
Oxu.Az-ın məlumatına görə, azərbaycanəsilli rep ifaçısı bu barədə özünün sosial media hesabında xəbər verib və kadrlar paylaşıb.
“Şəmkir meriyası fermanı sökmək üçün kiçik kəndimizə gəlib. Kömək edən və etməyən hər kəsə təşəkkür edirəm”, – deyə o, bildirib.
O, fermada mal-qaranın su içməsi və balıqçılıq üçün hətta göl tikintisi işlərinin getdiyini deyib.
“Bir sözlə, Dubay və Tailanddan sonra kəndə gəldim və ilhamlandım. Qərara gəldim ki, dünya dərdlərindən uzaq dura biləcəyim, həmçinin təbiətə və heyvanlara daha yaxın ola biləcəyim yer tikim. Torpaq nənəmin mülkü olduğu üçün tikintiyə başladım. Məlum oldu ki, bu torpaq əkinçilik üçün nəzərdə tutulub, əslində elə gördüyüm iş də budur, ancaq dedilər “yox!” və sökməyə başlayıblar. Axı şəhərin mərkəzində hündürmərtəbəli biznes mərkəzi tikmirəm…
Kədərliyəm, çünki müraciət etməliyəm, amma bilmirəm, bacarmıram və etməyəcəyəm. Ümid edirəm ki, hökumətdən kimsə bunu görüb mənə kömək edəcək!”, – deyə Nəvai bildirib.
www.102info.az