Bakı sakinini 100 manata görə qətlə yetirməkdə təqsirləndirilən Rəşad Kərimov, Tahir Ələkbərov və Radiq Feyziyevə hökm oxunub.
“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Rəşad Kərimov 1 il 8 ay, Tahir Ələkbərov 19 il və Radiq Feyziyev isə 20 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə 2020-ci il oktyabrında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Türkan qəsəbə sakini Rüstəm Bayramov küt alətlə qətlə yetirilib.
Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar – Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri – Tahir Ələkbərovla Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar tutularaq istintaqa təhvil veriliblər.
R.Kərimov saxlanılan dövrdə R.Feyziyev və T.Ələkbərov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırdılar.
www.102info.az