Bir neçə gün əvvəl “Speedtest Global Index”in apardığı araşdırmalara görə, 2024-cü ilin yanvarında Azərbaycan mobil internetin sürətinə görə (46,88 Mbit/s) 144 ölkə arasında 59-cu yerdə qərarlaşıb.
Məlumatda qeyd olunub ki, Azərbaycan ötən ayla müqayisədə mobil internetin sürətinə görə mövqeyini qoruyub.
Yanvarda Azərbaycan sabit genişzolaqlı internetə çıxışın orta sürətinə görə dünyada 118-ci yerdə qərarlaşıb. Bu, əvvəlki ayla müqayisədə üç pillə geridir.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (302,38 Mbit/s), sonuncu yeri isə Şərqi Timor (144-cü yer, 3,75 Mbit/s) tutub.
Niyə ölkəmizdə mobil internetin sürəti azalıb?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Aztelekom” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkələrdə internetin sürəti ilə bağlı əsas göstərici həmin ölkələrin illik orta hesabla internet sürətindəki fərqdən ibarətdir:
“Speedtest Global Index”in Azərbaycanla bağlı son hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti 12 ayda artaraq orta hesabla 35.23 Mbit/s-ni keçib. Bu, illik sürətin 34 faiz artımı deməkdir. Araşdırmada qeyd edilən sıralamalar ölkələrdə istifadəçilərin bir qismi tərəfindən aparılan testlərin nümunəsinə əsaslanır.
Sözügedən nümunə ölçüsünün dəyişməsi sıralamaya təsir edən amillərdəndir. Eyni zamanda, internet sürəti zəif olan, amma kiçik ərazisi fiber-optik kabellərlə əhatə edilən ölkələr belə, yüksəksürətli internet xidməti təqdim etdikdə reytinqlərdə yuxarı pillələrə keçə bilər.
Faktiki olaraq, sürət eyni qaldıqda və ya artdıqda digər ölkələrdə olan test aktivliyindən asılı olaraq pillələrdə enmə baş verə bilir və sıralamada yerdəyişməyə səbəb olur”.
İlhamə Əbülfət
www.102info.az