Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq “Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.
O qeyd edib ki, abidənin yerləşdiyi parkda müxtəlif dekorasiyaları əks etdirən gül və kolların əkilməsi həyata keçirilib. Həmçinin Yusif Səfərov küçəsi və Xocalı prospektində yaşıllıq örtüyü yenilənib.
Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşlarla üzlənmə işləri, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılıb.
Parkın ərazisini əhatə edən yaşayış binaları və inzibati obyektlərin fasadlarında Xocalı faciəsini əks etdirən fotobannerlərin quraşdırılması prosesi həyata keçirilib. Bununla yanaşı, anım günü ilə bağlı ziyarətçilərin gediş-gəlişini rahat təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri görülüb.
Pənah İmanovun sözlərinə görə, hər il fevralın 26-da minlərlə insan – vətəndaşlarımız, eləcə də xarici qonaqlar və diplomatik korpusun nümayəndələri “Ana fəryadı” abidəsini ziyarət edirlər.
Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib.
www.102info.az