Azərbaycanda toxumluq kartofu dərmanlayan şəxs effektini görmədiyi bildirib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Sabir adlı fermer kartofa qurd əleyhinə dərman vursa da, nəticəsinin olmadığın deyib.
Onun kartofa vurduğu dərmanın rəngi, həm də nəticəsinin olmaması müzakirələrə səbəb olub.
Məsələ barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülər agentliyin mütəxəssisləri tərəfindən araşdırılıb:
“Bununla əlaqədar bildiririk ki, bir çox kənd təsərrüfatı bitkiləri kimi, kartof üçün də əkinqabağı müvafiq qaydada profilaktik tədbirlər həyata keçirilir. Əkindən qabaq toxumluq kartof yumruları zəif manqan-sulfat (0,15%-li), bor turşusu, sink-sulfat (0,05%), ammonium-molibdenat (0,05%), kobalt-sulfat (0,01%-li), kalium-yod (0,01%-li) məhlulları ilə işlənir. Dərmanlama, əsasən, kartof yumrularını bir sıra xəstəliklərdən (xüsusən, göbələk mənşəli) və zərərvericilərdən qorumaq üçün aparılır.
Dərmanlama məqsədilə yalnız dövlət qeydiyyatına alınmış və istifadə təyinatı uyğun olan bitki mühafizə vasitələrindən, eyni zamanda, dərmanlama işləri həyata keçirilərkən qanunvericiliyin tələblərinə uyğun qoruyucu geyim və fərdi mühafizə vasitələrindən istifadə olunması vacibdir.
Əlavə suallar yaranarsa, bununla bağlı aidiyyəti qurumlarla, eyni zamanda, agentliyin “1003 – Çağrı Mərkəzi” ilə əlaqə saxlanıla bilər”.
İlhamə Əbülfət
www.102info.az