Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Bununla bağlı AQTA məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, Tağı Arani küçəsi ilə Kimyaçılar küçəsinin kəsişməsində fəaliyyət göstərən ticarət obyektində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə saxta alkoqollu içkilər aşkarlanıb. Belə ki, məhsulların bir sıra göstəricilərinin orijinaldan fərqləndiyi, başlıq hissələrinin butulkalara təkrar bərkidildiyi, hər bir butulkanın fərqli ölçüdə doldurulduğu, eyni zamanda məhsulların üzərində istehsal tarixlərinin qeyd olunmadığı aşkar edilib. Faktla bağlı sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Sınaq nəticələrinə əsasən nümunələrdə uyğunsuzluqlar aşkar edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.
www.102info.az