Elektron reseptlərin üstünlüyü: Həkimin nə yazdığını oxumaq asan olacaq – MÜSAHİBƏ + FOTO

Cəmiyyət


“Elektron resept sisteminin tətbiqi daha əvvəl qeyd etdiyim üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq”.

Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev qurumun rəsmi saytına müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

– Səid müəllim, öncə bilmək istərdik ki, elektron resept sistemi nədir?

– Elektron resept kağız reseptin rəqəmsal versiyasıdır. Bu sistem Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır. Eyni zamanda, elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edəcək.

– Bu sistem vasitəsilə reseptdə yazılan dərman vasitələrini vətəndaşlar necə əldə edə bilərlər?

– Həkim müayinəsi və ya tibbi konsultasiyadan sonra vətəndaşlara elektron resept vasitəsilə təyin edilən dərman vasitələrini ölkəmizdə fəaliyyət göstərən istənilən aptek təşkilatından əldə etmək olar. Bunun üçün elektron reseptin qeydiyyat nömrəsini və ya elektron reseptin üzərindəki QR-kodu əczaçıya təqdim etmək lazımdır. Elektron resepti əczaçıya istər pasiyentin özü, istərsə də elektron reseptini həvalə etdiyi şəxs təqdim edə bilər.

Həmçinin, vətəndaşlarımız “Reseptim” mobil əlavəsini yükləməklə, onlara yazılan reseptləri görə biləcəklər.

– Elektron resept sisteminin hansı üstünlükləri var?

– Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq və həkimlər vətəndaşlara elektronlaşdırılmış, daha operativ şəkildə xidmət göstərəcəklər. Eyni zamanda, vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsini təmin edir.

Bundan əlavə, elektron resept reseptlərin oxunaqlığını təmin edəcək və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilən dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşdırmağa imkan verəcək.

Elektron resept sisteminin tətbiqi daha əvvəl qeyd etdiyim üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq. Dərman vasitələrinin daim yenilənən reyestri isə ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman vasitələrini kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman vasitələrinin satışı zamanı aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta və qeydiyyatsız məhsulların yayılmasının qarşısını alacaq.

– “Reseptim” mobil əlavəsini haradan yükləmək olar?

– Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilən elektron resept sistemi (reseptim.az) ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan Sehiyye.gov.az və nazirliyin Analitik Ekspertiza Mərkəzinin rəsmi internet resursu olan Pharma.az portallarında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün elektron resept sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın şəkildə elektron reseptdən yararlanma qaydaları ilə tanış ola bilərlər. Eyni zamanda, linkdə yerləşdirilən QR-kodlar vasitəsi ilə “Reseptim” mobil əlavəsini “ıOS” və “Android” tipli mobil telefon istifadəçiləri tərəfindən yükləmək mümkündür.

– Hansı dərman vasitələri elektron resept sistemində yer alacaq? Bioloji fəallığa malik qida əlavələri də elektron reseptə daxil ediləcəkmi?

– Elektron resept sistemi, mövcud qanunvericiliyə əsasən, yalnız dövlət qeydiyyatına alınan, Tarif Şurası tərəfindən qiymətinin yuxarı həddi müəyyən edilən, ölkəmizə idxal olunan və son istifadə müddəti bitməyən dərman vasitələrinin bazası əsasında tərtib edilib.

– Dövlət qeydiyyatına alınmayan dərman vasitələrini elektron reseptə yazmaq mümkündürmü?

– “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 12-1-ci maddəsinə (Dərman vasitələrinə reseptlərin yazılması) əsasən:

12-1.5. Klinik protokollara əsasən, xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər. Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir;

12-1.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iki iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir;

12-1.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi bu Qanunun 9.4-cü və 9.6-cı maddələrinə uyğun olaraq ölkəyə gətirilə bilər.

– Elektron resept sistemi ilə bağlı suallar yaranarsa, hara müraciət etmək lazımdır?

– Vətəndaşlarımız tərəfindən elektron resept sisteminin istifadəsi ilə bağlı hər hansı sual yaranarsa, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Çağrı Mərkəzi ilə (tel: (012) 596-07-12) əlaqə saxlaya bilərlər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir