Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin doğum günüdür.
Oxu.Az xəbər verir ki, onun 44 yaşı tamam olur.
Əməkdar idman ustası 1980-ci il martın 3-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhərinin 5 saylı orta məktəbinin məzunudur. Məktəbli olarkən ən çox sevdiyi fənlər coğrafiya, tarix və riyaziyyat olub. İlhamın özündən üç yaş böyük qardaşı Fikrət Zəkiyev güləş ilə məşğul olub. Onun sayəsində İlhamın da idmana həvəsi yaranıb.
1995-ci ildən Azərbaycanın əməkdar məşqçisi Əhməddin Rəcəblinin başçılığı altında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul olmağa başlayıb. İlham çox qısa bir müddət ərzində uğurlara imza atıb, Sumqayıt şəhərində keçirilən yarışda qalib gəlib, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutub və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olub.
1998-ci ilin iyun ayında Azərbaycan Kubokunun qalibi olub. Həmin qalibiyyət ona yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazandırıb. Lakin Moskvadakı Olimpiadaya getmək ona müyəssər olmayıb. O, düz bir ay sonra həqiqi hərbi xidmətə çağırılıb və 2 iyul 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb.
1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfindən atılan snayper gülləsinə tuş gəlib. Güllə onun sağ gicgahından girib, sol gicgahından çıxıb. O, beş gün koma vəziyyətində qalıb və həkimlər onun öləcəyini bildiriblər. Beşinci gün İlham rayon xəstəxanasında anasının səsini eşidib özünə gəlib. Lakin gözlərini açanda, heç nə görməyib. Güllə yarasından görmə qabiliyyətini itirib.
O, 2002-ci il noyabr ayının 1-dən məşqlərə başlayır. 2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İnsanların ikinci Dünya Çempionatında ilk dəfə tatamiyə çıxır. İlham püşkatmanın dərəcəsinə görə kubalı dünya çempionu Rafael Torres Pompe ilə yarışır və çox gərgin keçən mübarizədə xal fərqi ilə ona məğlub olur. Buna baxmayaraq, İlham Zəkiyev təsəlliverici görüşlərdə qalib olaraq bürünc medala sahib olur və 2004-cü il Afina Paralimpiya Oyunlarına vəsiqə qazanır.
İlham Zəkiyev Azərbaycandan Paralimpiya Oyunlarında iştirak edən yeganə cüdoçu olur. Onun Afinada ilk qarşılaşdığı idmançı Kvebekdəki yarışda məğlub olduğu kubalı dünya çempionu olur. Bir dəqiqə qırx saniyə çəkən döyüşdə rəqibini üstələyib yarımfinala yüksəlir. Yarımfinalda İspaniyadan olan idmançını otuz yeddi saniyə ərzində məğlub edir. Finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində üstün gələrək Paralimpiya Oyunları çempionu adını qazanır.
Bir ildən sonra isə Niderlandda keçirilən Avropa çempionatının final yarışında Fransanı təmsil edən Julyen Torini məğlub edərək Avropa çempionu olur. 2006-cı ildə Fransada keçirilən dünya çempionatında bürünc medal qazanır. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında yenə də qalib olur. Həmin ildə Braziliyada keçirilən Ümumdünya yarışında qızıl medala layiq görülür. 2008-ci ildə ikinci Paralimpiya Oyunlarında iştirakı zamanı Çinin paytaxtı Pekində fransalı idmançı Julyen Turini beş saniyəyə məğlub edir. 2012-ci ildə Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Dünya Kubokunda gümüş medala sahib olur. 2013-cü ildə altıncı dan qara kəmərə sahib olur. Həmin il Londonda keçirilən Paralimpiya Oyunlarında ilk görüşündə Heydər Heydərovla qarşılaşır və ona heç bir şans vermir. Növbəti – 1/4 finalda Zəkiyevin rəqibi yaponiyalı Kento Masaki olur. Çətin keçən qarşılaşmadan rəqib qalib ayrılır. Nəticədə Zəkiyev təsəlliverici görüşlərə qatılır və burada braziliyalı Vilians Silvaya qalib gələrək, bürünc medalla kifayətlənir.
2015-ci il Avropa Oyunlarının açılış mərasimində məşəl yandırır. Həmin yarışlarda Azərbaycan komandasının aktivinə 18-ci qızıl medalı yazdırır. O, finalda Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək çempion olur. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 2015-ci ilin idman laureatları arasında “İlin idmançısı” arasında ikinci yerə layiq görülür.
Braziliyanın Rio-de-Janeyro şəhərində XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını yığmanın kapitanı İlham Zəkiyev aparır. O, həmin vaxt milli geyimdən istifadə edir. Cüdoçu 2016-cı il Yay Paralimpiya Oyunlarının cüdo yarışlarında kişilərin +100 kq çəki dərəcəsində beşinci nəticə göstərir.
İlham Zəkiyev 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olaraq, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnib.
2005-ci ildə ailə həyatı qurub. Üç övladı var: iki oğul, bir qız. 2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin həyatından bəhs edən qısametrajlı “İşıqlı Zülmət” filmi çəkilib. İlham Zəkiyev 2008-ci il dekabr ayının 26-da “Şöhrət” ordeninə, 2009-cu ilin mart ayının 5-də “Əməkdar idman ustası” adına, 2012-ci ildə “Tərəqqi” medalına layiq görülüb. 2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb. 2016-cı ildə İlham Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
www.102info.az