İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə planlı müayinə və müalicə üçün göndərişlərin verilməsi prosesi vətəndaşlar üçün elektronlaşdırılıb.
Bu barədə Oxu.Az-a agentlikdən məlumat verilib.
Bildirilib ki, 3 vasitə ilə müqaviləli tibb müəssisələri arasından seçim etmək mümkündür:
1. İcbari tibbi sığorta hesabına dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri Agentliyin müqaviləli tibb müəssisələrində göndəriş əsasında almaq üçün “e-Təbib” mobil tətbiqi üzərindən seçim etmək mümkün olacaq.
Göndəriş təsdiqləndikdən sonra 10 iş günü müddətində müqaviləli tibb müəssisəsinə müraciət etmədikdə göndəriş ləğv olunacaq. Müqaviləli tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş şəxsiyyət vəsiqəsini və göndərişin nömrəsini təqdim etməlidir.
2. Yaxud da SMS-lə birdəfəlik kod aldıqdan sonra dövlət tibb müəssisəsi tərəfindən vətəndaşa təqdim edilən göndəriş vərəqəsinin üzərindəki QR-kodu oxutmaqla şəxs tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi müqaviləli tibb müəssisələrinin siyahısı (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə tanış olacaq. Bu zaman vətəndaş müraciət etmək istədiyi özəl tibb müəssisəsini müəyyənləşdirməli və tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını xəstəxana ilə əlaqə saxlayaraq əvvəlcədən dəqiqləşdirməlidir.
3. Digər bir vasitə isə vətəndaşın SMS-lə birdəfəlik kod aldıqdan sonra müqaviləli tibb müəssisələri (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə Agentliyin saytından tanış olaraq (https://its.gov.az) müraciət etmək istədiyi xəstəxananı müəyyənləşdirməsidir. Bu zaman tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını əvvəlcədən xəstəxana ilə əlaqə saxlayaraq dəqiqləşdirmək mütləqdir.
Qeyd edək ki, Agentliyin müqaviləsi olan özəl tibb müəssisələrindən bir qismi elektronlaşma prosesinə qoşulub. Tədricən digər tibb müəssisələrinin də sistemə inteqrasiyası həyata keçiriləcək.
www.102info.az