Sabah 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Bu ərəfədə adəti üzrə Bakının gül və hədiyyə satılan dükanlarında nisbətən canlanma müşahidə olunur. Ən çox tələbat isə təbii güllərədir.
Oxu.Az-ın əməkdaşları qiymətləri öyrənmək üçün metronun “28 May” stansiyası yaxınlığındakı gül salonuna üz tutublar.
Gül salonunda insan əlindən tərpənməyə yer yoxdur. Elə müştərilər var ki, bir neçə buket alıb aparırlar.
Gülsatanların azacıq istirahətə belə vaxtları yoxdur, sifariş sifariş dalınca gəlir.
Hər yaş kateqoriyasından müştərilər var. Salona arabir xanımlar da yaxınlaşırlar. Müşahidəmizə görə, bəyənilmək baxımından ən sərfəli gül zanbaqdır. Çünki qarşı tərəfin zövqünü bilməyənlər uzun tərəddüddən sonra məhz bu gülü seçirlər.
Salonun müdiri Babək Məmmədov qiymət artımını izah etməyə çalışır:
“8 Mart ərəfəsində qiymətlərdə həmişə dəyişiklik olur. Səbəb də odur ki, bu bayramı çox ölkədə qeyd edirlər, tələbat çox olur, hətta indi müharibə gedən Ukrayna ilə Rusiyada da. Güllər Ekvador, Kolumbiya, Keniyadan gətirilir ki, bu da qiymətə təsir edir. Yol haqqı qalxır deyə məcbur qiymətləri də qaldırmalı oluruq”.
B.Məmmədov qiymətlərin güllərin növünə görə dəyişdiyini qeyd edir:
“Alıcılar çoxdur. İstəkləri də müxtəlifdir. Gülün sortuna görə qiymət dəyişir. Zanbağın bir ədədinin qiyməti 3 manatdan başlayr, 6 manata qədərdir. Qızılgüllərin qiyməti 5 manatdan başlayır, 12 manatadək yüksəlir. Orxideya 25 manatadır. Sortuna görə dəyişir.
Bir qızılgülü 12 manata almağınız o demək deyil ki, sizi aldadıblar. Gülü baha almamısınız, sadəcə, baha olanını seçmisiniz”.
Babək Məmmədov deyir ki, indi zanbağın mövsümüdür, yerli istehsal olduğu üçün ən çox da o satılır:
“Gülləri dənə ilə, dəstə ilə, səbətlə, qutu ilə alanlar var. 8 Marta özəl “8” formasında gül hazırlamırıq. Onlar artıq iki-üç ildir ki, dəbdə deyil. Mənim də xoşuma gəlmir”.
Satıcı güllərin ömrünü uzatmaqla bağlı məsləhətlər də verir:
“Gülün ömrünü maksimum 15 gün uzatmaq olar. Bunun üçün onun saplağı hər gün bir az kəsilməli və suyu dəyişilməlidir. Səhləblər daha çox qalır. Güllər tez solsa da, adama rahatlıq verir, xoş hisslər yaradır. Ən sadə və eyni zamanda, ən gözəl hədiyyədir gül”.
Mağazada çoxalan sıxlıq satıcının son sözlərini təsdiq edir. Baxırıq ki, bu gedişlə sabaha dükanda gül qalmayacaq…
Gül-çiçəyiniz, dəyər verənləriniz çox olsun, əziz xanımlar! Bayramınız mübarək!
Nəzrin Vahid
www.102info.az