Ötən ildə Azərbaycanda bank sektorunun müddətli xarici borcu 81,4% və ya 225 milyon ABŞ dolları artaraq 501,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Hesabata görə, ötən ilinin sonuna bankların cəmi öhdəliklərinin 2%-ini xarici borc təşkil edib. Əvvəlki ilin sonunda bu göstərici 1,1% idi.
Borclanmanın səbəbi nədir? Bunun gələcəkdə hansısa fəsadı ola bilərmi?
Suallara iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.media-ya açıqlamasında bildirib ki, bankların xarici borclanmasının artması əslində sağlam münasibətlər fonunda, sağlam makroiqtisadi tarazlığın bərqərar olduğu dövrdə normal haldır:
“Çünki xarici borc həm də ölkəmizin bank sektorunda xarici aktivlərin artması deməkdir. Ona görə də bankların xarici borclanmasından indiki halda ehtiyatlanmağa dəyməz.
Nəzərə alaq ki, 2015-2016-cı ildə baş verən iqtisadi təlatümlər və devalvasiyalar o zaman bankların götürdükləri öhdəlikləri yerinə yetirməsində problemlər yaratdı. Bu xoşagəlməz hal Mərkəzi Bank tərəfindən diversifikasiya olunub. Mən əminliklə deyə bilərəm ki, bank sektorunda son 10 ilin ən optimal dövrü yaşanır. Yəni risklər minimumlaşdırılıb. Spesifik tədbirlər vaxtlı-vaxtında həyata keçirilir”.
Fuad İbrahimov hesab edir ki, bankların müddətli xarici borcunun artması aktivliyin bir göstəricisidir:
“Bu o deməkdir ki, xarici banklar və maliyyə institutları Azərbaycanın bank-maliyyə sektorundakı sabitlikdən məmnundurlar. Buna görə də öz aktivlərini həvəslə Azərbaycan banklarına yerləşdirirlər. İnanıram ki, bu tendensiyadan biz ancaq xeyir görəcəyik və heç bir fəsadla üzləşməyəcəyik”.
www.102info.az