Yeni trendi Azərbaycana gətirən rəssam: “Çəkdiyim şəklə görə məni polisə verdilər” – FOTO/VİDEO

Cəmiyyət

Sosial şəbəkələrdə insanların portretini onlardan xəbərsiz çəkən rəssam videoları ilə tez-tez rastlaşırıq. Trendə düşən bu görüntülərin içində diqqətçəkən, izləyicilərin daha çox reaksiyasına səbəb olan bir neçə video var. Azərbaycanda bu cür görüntülərlə məşhurlaşan rəssamlardan biri isə Tahir Zahirovdur. O, gündəmə Vətən müharibəsi qazisinin rəsmini çəkdikdən sonra düşə bilmişdi.  

Biz də çoxunun sevimlisinə çevrilmiş Tahiri tapıb onunla söhbətləşdik. Müsahibimiz həm də zəhmətkeş insanların rəsmlərini çəkib onlara təqdim etdiyi zaman maraqlı reaksiyaları görüntülədiyinə görə rəğbət qazanıb. 

T.Zahirov “Qafqazinfo”ya müsahibəsində bu videoları çəkmək fikrinin haradan yaranmasından, sosial şəbəkələrdə gələn reaksiyalardan və elə rəsmini çəkdiyi qazidən danışıb: 

“Atam rəssamdır, eyni zamanda heykəltaraş. İlk dəfə 10 il öncə rəsm çəkməyə başladım. Atam sayəsində bu sənətə marağım daha da artıb. İlk təhsilimi Qubada Uşaq və İncəsənət Məktəbində almışam. Sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetində təsviri-incəsənət müəllimliyini oxumuşam”.

İlk dəfə bu videoları xaricdə gördüyünü deyən rəssam Azərbaycanda bu trendi özü başlatmaq qərarına gəlib: “İlk dəfə metronun yanında yaşlı qadın gördüm, çox yorğun görünürdü. Onun yorğunluğunu təsvir etmək istədim. Özünə təqdim etdikdə çox sevindi, bu hərəkətim xoş gəldi. Elə mənə də onun reaksiyası yaxşı təsir bağışladı”. 

Fəaliyyətinə görə aldığı xoş reaksiyalardan daha çox həvəslənən T.Zahirov Vətən müharibəsi qazisini çəkdiyi zaman keçirdiyi hissləri bu cür ifadə edib: “Parkda bir qardaşımızın fikirli oturduğunu gördüm. O, İkinci Qarabağ müharibəsində döyüşlərdə yaralanıb. Başladım rəsmini çəkməyə. Nəticəni ona göstərdikdə kövrəldi. Həmin videonu paylaşdım, maraqla qarşılandı. Qazimizin sevinməyi mənə o qədər xoş təsir etdi ki…”. 

Rəssamın heç yadından çıxarmadığı hal isə avtovağzalda rəsmini çəkdiyi adamın reaksiyası olub: “Həmin dayı bu hərəkətimə çox kövrəldi. O, kimsəsiz idi. Xeyli söhbətimiz oldu. Çəkdiyim rəsmə baxıb kövrəlməsi, sevinci, göz yaşları mənə çox təsir etdi. Bu işlərimi ailəm də xoş qarşılayır”. 

İnsanların sevincinə səbəb olan T.Zahirov deyir ki, o, heç də həmişə xoş cavablarla qarşılaşmır: “Elə olur ki, bu hərəkətimə mənfi reaksiyalar alıram. Birinin rəsmini çəkib, özünə göstərdikdə sərt cavab verən də olur. Deyirlər ki, niyə mənim rəsmimi çəkirsən?”

O, rəsmləri minimum 8-9 dəqiqəyə çəkdiyini qeyd edib: “Metroda çəkdiyim şəkillər maksimum 13 dəqiqə vaxt alır. Bir insan qarşımda əyləşibsə, əlbəttə ki, yerində dayanmır. Lakin onu görəndə portreti artıq beynimə həkk olur. Elə olur ki, rəsm yarımçıq qalır. Çatdırıb göstərə bilmirəm. Bu hallar dəfələrlə olub”.

Yaşadığı unudulmaz situasiyaları bizimlə bölüşən rəssam deyir ki, insanların reaksiyalarını bilmək olmur: “Hər kəsin fərqli baxış mövqeyi var. Bir dəfə çəkdiyim rəsmə görə məni polisə şikayət etdilər. İnanın ki, həmin anlar hələ də yadımdan çıxmır”.

Tanınmış insanlardan müsbət rəylər alan T.Zahirov bu sahədə necə gəlir əldə etdiyini də açıqlayıb: “Rəsm müəllimi kimi fəaliyyət göstərirəm. Tələbələrim var. Bununla yanaşı, sifariş əsasında rəsmlər çəkirəm. Düşünürəm ki, gələcəkdə bununla bağlı daha fərqli formatlarda videolar çəkəcəyəm. Rəsm mənə görə hər şeydir. Gündə bir dəfə də olsa, çəkməliyəm. Əks halda, elə bilirəm ki, nəsə itirmişəm”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir