Daşınmaz Əmlakın Dövlət Reyestrinə salınmayan qanunsuz tikili barədə qanunla qərar verilə bilər? – AÇIQLAMA

Cəmiyyət

“Qarşılaşdığımız suallardan biri də nikah dövründə özbaşına inşa edilən hər hansı tikilinin aqibəti ilə bağlı olur. Bu gün ölkədə 100 minlərlə özbaşına tikili var. Əgər nəzərdə tutulan tikilidə hər iki tərəfin yaşaması mümkündürsə, yaşayacaqlar. Yox, tərəflərdən biri digərinə mane olacaqsa, köçürülmə ilə bağlı iddia qaldırılarsa, məhkəmə bu iddianı təmin edəcək”.

Bu barədə Oxu.Az-a Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Abidin Hüseynov “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” təqdim edilən və qəbul edilən plenum qərar layihəsinin məzmunu barədə sualları cavablandırarkən deyib.

O bildirib ki, əgər obyektiv hər hansı səbəbdən tərəflərin birgə yaşaması mümkün deyilsə, yaşaması mümkün olmayan şəxs birgə nikah dövründə tikiliyə sərf edilən xərcin yarısını tələb edə bilər:

“Bu, məhkəmə praktikasında da olmuş prosesdir. Bu qayda sözügedən əmlak Daşınmaz Əmlakın Dövlət Reyesterində olmasa da, keçərlidir. Lakin belə məhkəmə qərarları heç bir halda həmin əmlaka hüququ tanıyan və ya əmlakın qeydə alınmasını əsas verən qərar hesab edilməyəcək. Sadəcə olaraq bu, ər-arvad arasında əmlak bölgüsünü və mübahisəli məsələləri həll edən addım olacaq. Bu gün ölkədə özbaşına inşa edən tikililərə vəsait sərf edilir, insanlar yaşayır. Məhkəmənin bu qədər geniş yayılmış fakta qanuni olmadığı üçün tənzimləmirəm, qiymət vermirəm deməsi həyat təcrübəsinə uyğun olmazdı deyə, bu məqam da plenum qərarında nəzərə alınıb”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir