ƏSF: “Ləğv prosesində olan bankların daşınar əmlaklarının satışı sürətləndiriləcək”

Cəmiyyət

Bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da COVID-19 pandemiyası səbəbi ilə elan edilmiş karantin rejiminin tətbiqi nəticəsində elektron ticarətin geniş vüsət aldığı bir dövrdə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların balansındakı birbaşa satışı nəzərdə tutulan daşınar əmlakların satışını sürətli şəkildə təmin etmək məqsədilə ərsəyə gətirilən Elektron Auksion Portalı artıq vətəndaşların istifadəsinə verilib.

Oxu.Az Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) istinadən xəbər verir ki, portaldan istənilən fiziki və hüquqi şəxslər müvafiq qaydalara uyğun olaraq qeydiyyatdan keçərək istifadə edə bilərlər.

Qeydiyyatdan keçmiş hər bir şəxs auksionda iştirak etməklə və ya auksiona qatılmadan məhsul üçün təyin olunmuş məbləği dərhal ödəməklə seçilmiş əmlakı əldə edə bilər. Elektron auksionda iştirakın şərtləri və qaydaları platformada hər bir şəxsə aydın olacaq formada yerləşdirilib. Qeyd edək ki, hərrac üçün nəzərdə tutulmuş yeni platformada müxtəlif kateqoriyalar üzrə məhsulları əldə etmək mümkündür. Bu kateqoriyalara bank avadanlıqları, mebel, məişət texnikası, İT və ofis avadanlıqları kimi məhsullar daxildir. İstər fiziki, istərsə də hüquqi şəxslər ədalətli qiymətlərlə vaxtlarına qənaət edərək heç bir yerə getmədən onlayn şəkildə ləğv prosesində olan bankların balansındakı birbaşa satışı nəzərdə tutulan daşınar əmlakları əldə edə bilərlər.

Əmanətlərin Sığortalanması Fondu bu yanaşmanı tətbiq etməklə həm ləğv prosesində olan bankların kreditorlar qarşısındakı öhdəliklərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini sürətləndirəcək, həm də alıcıların zaman və məkan nöqteyi-nəzərindən rahatlığını təmin edəcəkdir.

Nəzərinizə çatdırırıq ki, əlavə məlumat və ya yeniliklərdən xəbərdar olmaq istədiyiniz halda Elektron Auksion Portalının sosial media hesablarına nəzər yetirə bilərsiniz. Həmçinin Elektron Auksion Portalının veb-saytında olan “chat” bölməsinə yaza və ya qaynar xətt nömrəsinə – (055) 500-09-41 zəng edə bilərsiniz.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir