11 ayın sultanı sayılan Ramazan ayında oruc tutmağın insan orqanizminə xeyri böyükdür, bu barədə tibb işçiləri də müxtəlif məzmunlu materiallar paylaşırlar.
Bəs bu ərəfələrdə qida rasionu necə tənzimlənməlidir ki, orqanizmə ziyan olmasın? Hansı qidalara üstünlük verilməlidir?
Oxu.Az “İftar menyusu”nu təqdim edir:
“Qəlyə”
Ərzaq:
Sümüksüz ət – bir kiloqram
Soğan – bir kiloqram
Şobalıd – bir kiloqram
Nar – iki ədəd
Yağ – bir stəkan
Ət suyu – 1,5 stəkan
Düz və qara istiot zövqə görə.
Hazırlanması:
Soğanı soyub, uzunsov doğrayıb, yağda azca qızardın. Əti qaynadıb, soyuması üçün kənara qoyun. Şobalıdı qabıqdan çıxarıb, narı dənələyin. Tavaya bir lay soğan, bir lay ət, bir lay şobalıd və nar düzün. Bunu ərzaqlar qurtarana qədər təkrarlayın. Sonra ət suyu, yağ və zövqə görə duz, istiot əlavə edib, suyu çəkilənə qədər bişirin. Süfrəyə isti halda verilir.
Əriştəli pendir şorbası
Ərzaqlar:
Süd – 2,5 xörək qaşığı
Yumurta – üç ədəd
Duru pendir – üç stəkan
Yağ – bir xörək qaşığı
Toyuq filesi – 10 qram
Soğan – bir ədəd
Duz zövqə görə
Ət bulyonu.
Hazırlanması:
Bir qaba südü və yumurtanı əlavə edib, yaxşıca qarışdırın. Üzərinə pendir və duz əlavə edib, qarışdırmağa davam edin. Yağda qızartdıqdan sonra, sobada 10 dəqiqə bişirin. Soyuduqdan sonra əriştə formasında doğrayın. Kənarda xırda doğranmış soğanı yağda qızardıb, üzərinə bişmiş toyuq filesini əlavə edin. Bir az qovurduqdan sonra əriştəni və bulyonu töküb bişirin.
Spagetti “Balonya”
Ərzaqlar:
Spagetti – 100 qram
Kərə yağı – iki xörək qaşığı
Hisəverilmiş ət – 100 qram
Doğranmış soğan – iki xörək qaşığı
Pomidor – iki ədəd
Bulyon – 1/5 stəkan
Sürtgəcdən keçirilmiş pendir – iki xörək qaşığı
Göyərti, istiot və duz zövqə görə.
Hazırlanması:
Suyu qaynadıb, üzərinə bir az duz töküb, spagettini bişirin. Bişmiş spagettini kərə yağı və istiotla qarışdırın. Konservləşdirilmiş əti xırdalayıb, üzərinə soğanı əlavə edib, kərə yağında qovurun. Bir az sonra xırda doğranmış pomidoru, göyərtini, duz, istiot və bulyonu əlavə edib, ət yumşalana qədər vam odda bişirin. Spagettini boşqaba töküb, üzərinə qovurmadan və rəndələnmiş pendirdən əlavə edin.
www.102info.az