“Gündəliy”in məramı, məramımızın gündəliyi

Cəmiyyət

Qan Turalı yazır…

Son günlərdə ssenari müəllifi olduğum “Gündəlik” serialı ətrafında yaradılan süni ajiotajla bağlı bəzi məsələləri qeyd etmək istəyirəm. Mübahisəyə səbəb isə serialdakı bir səhnə olub. Həmin səhnədə müəllim futbol oyunu zamanı dava edən uşaqları çəkmək üçün məktəbə soxulan, uşaqları videoya çəkən bir jurnalisti tənqid edir. Halbuki, həmin şəxs heç jurnalist də deyil, serialın növbəti seriyalarında biz onun pulla jurnalist vəsiqəsi satdığını görürük. Eləcə də, başqa çirkin əməllərini…

Hər şeydən qabaq qeyd edilməlidir ki, bütövlük ədəbi əsərin və ümumiyyətlə incəsənətin bütün növlərinə aid keyfiyyətdir. Hər hansı bir tablodakı bir ağaca fokuslanıb bütöv rəsmi görməmək necə naqis bir davranışdırsa, bir səhnə əsasında filmə yanaşmaq da qüsurludur.

Təsəvvür edin ki, “Səfillər” romanına “Jan Valjan”ın yepiskopun evindən oğurluq etmək səhnəsi ilə qiymət verirsiniz. “Jan Valjan” oğurluğa görə katorqaya göndərilmiş bir şəxsdir. Və ona sığınacaq verən, qarnını doyuran yepiskopun şamdanlarını oğurlayır. Əsərin bu səhifəsini oxumaqla biz “Jan Valjan”ı, dünya ədəbiyyatının ən görkəmli və işıqlı obrazını tanıya bilərikmi? Ya da “Dəli Kür” romanına “Mələy”in qaçırılması səhnəsi ilə qiymət verə bilərikmi? Tolstoyun “Dirilmə” romanının qəhrəmanı “Nexlyudov”u “Maslova”nın başına açdığı oyuna görə xarakterizə edə bilərikmi? Bütün bunlar çox sadə və adi həqiqətlərdir, ancaq təəssüf ki, belə adi və sadə həqiqəti xatırlatmaq lazım gəlir.

Serialda hadisələr “Maarif” jurnalının ətrafında baş verir. Bu mənada “Gündəlik” mərkəzinə jurnalistikanı qoyan ilk serialımızdır. Və serial boyunca tamaşaçılar jurnalistlərin fədakar əməyinin şahidi olurlar. Onlar ən qaynar nöqtələrdədilər. Onlar erkən nikaha məcbur edilən qızların, intihara sövq edilən yeniyetmələrin, təhsildən qoparılan məktəblilərin, qısnamaya məruz qalan şagirdlərin yanındadırlar. Və onlar bütün bu ağrıları, əzabları xalqa çatdırmaq, bütün bu problemlərə çarə tapmaq eşqi və şövqlə çalışırlar.

Maraqlı məsələlərdən biri də jurnalist obrazının tənqid olunması ilə bağlı səslənən fikirlərdir. Stalinizm dövrünün ədəbi metodu vulqar sosiologizm idi. Bu metoda görə, ədəbiyyatın vəzifəsi ancaq yaxşıları göstərmək və heç bir problemdən yazmamaq idi. Vulqar sosiologizmdən kənara çıxanları isə ən yaxşı halda Sibir gözləyirdi. Ancaq partiyanın XX qurultayında, 1956-cı ildə vulqar sosiologizm cərəyanı ifşa edildi və sənət insanları qarşısında yeni üfüqlər açıldı. Ancaq deyilənlərdən görünür ki, stalinizmin idbar mirası olan vulqar sosiologizmin tərəfdarları hələ də yaşamaqdadırlar.

Bəzi tənqidçilər özlərini elə aparırlar ki, jurnalistikamızda heç bir neqativ hal yoxdur. Adicə bir misal:  Mətbuat Şurası sədri Əflatun Amaşov Prezident İlham Əliyevlə keçirilən görüşdə reket jurnalistika ilə mübarizə aparmaq üçün ondan dəstək istəmiş və cənab Prezident qətiyyətli mövqe nümayiş etdirmişdi: “Reket jurnalistikaya qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq. Bu mübarizənin sivil qaydaları olmalıdır. Mən hesab edirəm ki, biz reket jurnalistikaya, necə deyərlər, onların üsulu ilə cavab verməməliyik. O neqativ hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməlidir. İctimaiyyət onlara qarşı ciddi reaksiya verməlidir. Dövlət üzərinə düşən vəzifəni də etməyə hazırdır”.

Ancaq çox təəssüf ki, bu məsələlərə toxunduğumuz üçün tənqid olunuruq. Bütün bunları anlamaq, başa düşmək mümkün deyil. Bununla belə, “Gündəlik” serialının Azərbaycan ictimai fikrində müsbət dəyişikliklər edəcəyinə dərin inamımız var. Əsassız tənqid isə bütün sənət əsərlərinin acı taleyidir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir