Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Daim təzyiqlərə məruz qalan Karbibasarlı Əziz Əliyev” adlı süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, verilişdə Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Məmməd Kərim oğlu Əliyevin həyatından bəhs olunub.
Bildirilib ki, İrəvan aydınları sırasında parlaq sima olan Ə.Əliyev İrəvanın sayılıb-seçilən böyük nəslin nümayəndəsi olmaqla yanaşı, keçdiyi çətin həyat yolu ilə böyük miras qoyub:
“Əziz Əliyevin Dağıstan xalqının tarixində də misilsiz xidmətləri olub. 1942-1949-cu illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoyulmasına, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların təyin edilməsinə nail olub. Məhz onun sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmayıblar”.
Qeyd olunub ki, gənc yaşlarından doğma yurdundan ailəsi ilə birlikdə məcburi köçürülən Əziz Əliyev Naxçıvanın Şahtaxtı kəndinə, sonra isə Araz çayını keçərək bir müddət Cənubi Azərbaycanın Ərəblər kəndində yaşamalı olur. O, tibbi xidmətini burada da davam etdirib və həkim köməkçisi kimi çalışıb.
Sonda vurğulanıb ki, Əziz Əliyev evin qulluqçusunu Bakı Dəmiryol vağzalından yola salanda ürəyi tutub və elə burada da vəfat edib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az