Bakının mərkəzi ərazisində yerləşən Bakı Zooloji Parkı paytaxt sakinlərinin, xüsusilə uşaqların sevimli məkanıdır. Bir neçə il öncə yenidən qurulan, ərazisi genişləndirilən Zooloji Parkda bir-birindən fərqli heyvanlar saxlanılır, qorunur. İnsanlara heyvanların görünüşü, hərəkətləri kimi onların nə yeyib, nə içdiyi, parkda necə qidalandığı, aylıq xərclərinin nə qədər olduğu da maraqlıdır.
Ona görə də hazırda parkda “Qırmızı kitab”a düşən neçə heyvanın olduğu və onların nə ilə, necə qidalandığını öyrənməyə çalışdıq.
Bizim.media-nın mövzu ilə bağlı suallarını cavablayan Bakı Zooloji Parkının baş baytar həkimi Elvin Süleymanov bildirib ki, hazırda parkda 125 növ heyvan təbii areallarına çox yaxın şəraitdə yaşayırlar:
“Onlardan 40 növü məməlilər, 33 növü qanadlılar, qalanlar isə balıqlar, suda quruda yaşayanlar və sürünənlərə aiddir.
Bakı Zooloji Parkı dünyanın öndə gedən heyvanat parkları ilə qarşılıqlı əməkdaşlıq edir və hazırda Avropa Zooparklar və Akvariumlar Assosiasiyasına daxil olmaq üçün hazırlıqlar aparılır. Yenidən qurulmuş Zooloji Parkın yalnız quruluşu deyil, həm də yanaşma tərzi dəyişilib. Belə ki, Zooloji Parkın əsas məqsədi yeni heyvanları gətirib ziyarətçilərə nümayiş etmək deyil, Azərbaycan faunasında “Qırmızı Kitab”a daxil olan nadir və nəsli kəsilməkdə olan heyvan növlərini artıraraq təbiətə qaytarmaq, maarifləndirmə işləri aparmaqdır”.
Həmsöhbətimiz qeyd edib ki, parkda “Qırmızı Kitab”a daxil olan 22 növ heyvan məskunlaşıb:
“Bəbir, ceyran, nəcib maral, Soltan toyuq, qutan, qızılqaz, ağbaş kərkəs, keçəl qarabaş kərkəs, toğlulgötürən, leşcil ağqartal və s. Bakı Zooloji Parkı, IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə reintroduksiya layihəsi həyata keçirir. Belə ki, Bakı Zooloji Parkında məskunlaşan Azərbaycanda “Qırmızı Kitab”a düşən nadir nəsli kəsilmək təhlükəsi olan heyvanlar çoxaldılıb öz tarixi areallarına buraxılır. Bu layihə çərçivəsində Şahdağ Milli Parkına beş baş Qafqaz nəcib maralı, Acınohur çölünə üç baş ceyran, Hirkan Milli Parkına yeddi baş Hindistan tirəndazı, Qarabağa isə dörd baş Dağıstan turu öz tarixi areallarına buraxılıb”.
Onun sözlərinə görə, heyvanların hər bir növü üçün xarici mütəxəssislərin iştirakı ilə yem rasionu işlənilib hazırlanıb:
“Heyvanların yemləndirilməsi nə qədər yaxşı və keyfiyyətli aparılarsa, xəstəliklərin və hər hansısa problemlərin qarşısını bir o qədər də almış oluruq. Zooloji Parkda birinci və əsas qaydamız odur ki, ən keyfiyyətli yemlərdən istifadə edək.
Heyvanların rasionuna daxil olan qidalar dövlət xətti ilə mərkəzləşmiş qaydada Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən qarşılanır. Zooloji Parkda növ müxtəlifliyin zəngin olması ilə əlaqədar heyvanların yem rasionunda da bol çeşidlilik müşahidə olunur, və heyvanın vəziyyəti ilə əlaqədar (xəstəlik, hamiləlik), həmçinin mövsümə görə daimi dəyişir. Əsas qida məhsulları isə meyvə, tərəvəz, çərəzlər, ot, dənli bitkilər, ət, balıq, toyuq və s. daxildir”.
Baytar həkimi heyvanların qidasının fəsillərə görə dəyişdiyini xatırladıb:
“Qış aylarında havaların soyuq keçməsi heyvanlarda enerji ehtiyacını çoxaldır. Bununla əlaqədar olaraq fəsil dəyişiklikləri zamanı Zooloji Parkdakı heyvanların yem rasionu yenidən nizamlanır və qışa uyğun olaraq tənzimlənir. Heyvanların rasionuna 10-15% yem əlavə olunur ki, bu da soyuq havalarda bədəni isitmək üçün ehtiyac olunan enerjini bərpa edir. Bundan əlavə olaraq orqanizmin gücləndirilməsi üçün vitamin kompleks və minerallar verilir. Profilaktik olaraq da Zooloji Parkda olan heyvanlara vaksinasiya proqramı tətbiq olunur”.
www.102info.az