Bu anbar vasitəsilə Oğuz və Şəkinin 30-a yaxın yaşayış məntəqəsində yaşayan sakinlərin içməli su təminatı yaxşılaşdırılacaq, eyni zamanda yüz min hektarlarla əkin sahələri suvarılacaq.
Bizim.media-nın yerli bürosu xəbər verir ki, ölkə başçısının sərəncamı ilə ötən ilin dekabr ayından Oğuz rayon ərazisindən axan Əlicançay vadisində yeni su anbarının inşaat işlərinə start verilib.
Ümumi su tutumu 108 milyon kubmetr, faydalı həcmi isə 100 milyon kubmetr olacaq Əlicançay su anbarı vasitəsilə təkcə Şəki rayonunun 13 inzibati ərazisində 33 min hektara yaxın sahənin suvarılması və içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı Oğuz rayonunun 16 yaşayış məntəqəsi də yeni inşa olunacaq su anbarı vasitəsilə fasiləsiz su ilə təmin olunacaq.
Meliorasiya və su qurğularının idarə edilməsi üzrə mütəxəssis Eyvaz Mirzəyevin sözlərinə görə, ərazi strateji baxımdan olduqca əlverişli bir məkandır. Belə ki, mənbəyini Böyük Qafqaz dağlarından götürən Əlicançayla yanaşı, Xalxal, Oğuz, Daşağıl çayları eləcə də yeraltı sular və kanallar vasitəsilə axaraq bu ərazidə cəmlənir.
Layihənin digər üstünlüyü ondan ibarətdir ki, bu su anbarından bölgədə yanğınların söndürülməsində səmərəli şəkildə istifadə olunacaq.
Əvvəlki illər bölgənin dağlıq və dağətəyi ərazilərində, meşələrdə yanğın baş verərkən helikopter və təyyarələr daha çox Mingəçevir su anbarından istifadə edirdisə, bundan sonra yeni su anbarı bu vəzifənin öhdəsindən gələ biləcək.
Mütəxəssis bildirir ki, Böyük Qafqazın cənub yamacları boyunca uzanan Qəbələdən Balakənə kimi irili xırdalı 20-yə yaxın bol sulu dağ çayları axır ki, gələcəkdə onların da qarşısında bir neçə yerdə belə su anbarları inşa etməklə, nəinki Şəki-Zaqatala iqtisadi rayonunda, eləcə də Oğuz-Qəbələ su kəmərinə su verməklə paytaxt əhalisinin də təminatı yaxşılaşdırıla bilər.
www.102info.az