Təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estakadadan YDM-dək) aparılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənarlaşdırılması işləri icra olunur. Bu səbəbdən sözügedən hissədə hərəkət qismən məhdudlaşdırılıb. Sürücülərdən bu gün ərzində qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Sabahdan etibarən isə yola yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Buna görə də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estakadadan YDM-dək) hərəkətin tam məhdudlaşdırılması nəzərdə tutulur.
Sürücülər alternativ olaraq Sumqayıt yolundan birbaşa Bakı Dairəvi avtomobil yoluna daxil olub hərəkətlərinə davam edə bilərlər.
Asfaltlanma işləri bitəndən sonra yola üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunacaq.
Təmir işlərinin 21 aprel saat 22:00-dək yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
www.102info.az