Bakının boş qalan piyada keçidləri: Vətəndaşların yolda “ölüm oyunu” oynamalarının günahı kimdədir? – VİDEO

Cəmiyyət




Bakıda piyada keçidləri ilə bağlı növbəti xoşagəlməz görüntü qeydə alınıb.

Baku.ws-in məlumatına görə, bu dəfə də sərnişinlər yerüstü piyada keçidindən istifadə etmək əvəzinə magistral yolla getməyi üstün tutublar.

Bu kimi görüntülər paytaxtın müxtəlif ərazilərində tez-tez qeydə alınır. Bəzən vətəndaşların yola çıxması qəza və ölüm hallarına da səbəb olur.

Bəs vətəndaşlar Bakıda bəzi piyada keçidlərindən nə üçün istifadə etmirlər? Problem liftin olmamasıdır? Yaşlı şəxslərin pilləkənlə çıxa bilməməsidir?

Bu suallara cavab tapmaq üçün həm rəsmi quruma, həm də ekspertə müraciət etdik.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirdi ki, küçə və yol infrastrukturunda hibridləşmə baş verir və buna görə yenidən transformasiya olmalıdır:

“Şəhərin daxilində sürət azaldılıbsa, ona uyğun addımlar atılmalıdır. Yəni şəhərdən Zığ istiqamətinə daxil olan avtomobil bunu fiziki olaraq hiss etməlidir. Yol kəsişmələrində eynisəviyyəli işıqforla nizamlanan, piyada və təhlükəsizlik adacığı ilə təmin olunan həllərə ehtiyac var. Bu da daha rahat, fərqli hərəkət iştirakçıları üçün şərait yaratmış olar.

Nəzərə almaq lazımdır ki, ölkəmizin əhalisinin 37 faizi azmobilli insanlardır. Hərəkəti daha həssas olan qrup üzvlərimizdir. Uşaqlar, qocalar, uşaqlı valideynlər və fiziki məhdudiyyəti olan şəxslər üçün daha rahat hərəkəti təmin edən keçidlər təmin olunmalı və şəhər daxilində yaxın məsafədə yerüstü, yeraltı keçid praktikasına son qoyulmalıdır. Bu, dünya şəhərlərində artıq müşahidə olunur. Təəssüf ki, Bakıda hələ də davam edir.

Sürətli yolun fəsadı budur ki, piyadalar təhlükəli olsa da, özlərinə yol axtaracaqlar. Lakin insanların yolu daha qısa üsulla keçmələri ilə yanaşı, təhlükəsizliyi də təmin olunmalıdır. Bu gün insanlar yerüstü keçidlərdən istifadə etmirlərsə, səbəbləri araşdırılmalıdır.

Fikrimcə, bu məsələdə səbəb keçidlərin daha rahat olmamasıdır. Burada vətəndaşların heç də hamısı qanunu pozmaq niyyətində deyillər. Yolun bir tərəfindən digər tərəfinə keçmənin səbəbi araşdırılmalıdır. Zığ şosesində yolun dənizə tərəf hissəsində bir poliklinika, xəstəxana, iki məktəb yerləşirsə, bura həssas qrup insanların daim hərəkət edəcəkləri məkandır. Bu yolda səkilər təftiş olunmalı, baryersiz və qısa məsafədən keçidlər təşkil olunmalıdır. Bu zaman tamam fərqli mənzərə müşahidə olunacaq. İndiki halda magistrala dönən sürətli yolu müşahidə edirik. Sürət məhdudiyyəti qoyulsa da, problem həll olmayacaq”.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib ki, həmin videoda olan ərazidəki piyada keçidlərində eskalatorlar mövcuddur:

“Onların hamısı işlək vəziyyətdədir. Sadəcə olaraq, bəzi vətəndaşlar keçiddən istifadə etmir və birbaşa yola çıxırlar”. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir