Yerli sort qarpız növləri unudulmaqdadır – Saatlıdan REPORTAJ + FOTO

Cəmiyyət




Mil-Muğan bölgəsində yaz-tarla işləri davam edir. Bostançılar bazara erkən məhsul çıxarmaq üçün müxtəlif üsullarla əkin aparırlar. Əsasən xarici sortlara üstünlük verilir, bir çox yerli sort qarpız növləri isə artıq unudulmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, Saatlı rayonunda bostan sahələri fevral ayından başlayaraq əkilir. Əkin aparan fermerlərdən biri də İlham Şıxəliyevdir. O, uzun illərdir bostançılıqla məşğuldur. Deyir ki, bostan əkini hava şəraiti nəzərə alınmaqla, əsasən dörd mərhələdə aparılır və bu zaman xüsusi aqrotexniki qaydalar əsas şərtdir.

“İlk mərhələ fevral ayında olduğu üçün ikiqat örtük altında əkilir. Sonrakı mərhələ isə mart ayında olduğuna görə artıq şitillər təkqat örtüklə mühafizə edilir. Hazırda üçüncü mərhələ üzrə əkin aparırıq. Bu, aprelin 15-20-dən sonra hava şəraitinə görə aparılır və sərmə örtükdən istifadə edirik. Nəhayət, dördüncü mərhələdə açıq sahəyə əkilir ki, bu da may ayının birinci ongünlüyündə başlayacaq. Örtükaltı əkin aparılmasında əsas məqsəd məhsulu bazara daha tez çıxarmaq və qazanc əldə etməkdir”, – deyə İlham Şıxəliyev bildirir.

Örtük altında əkilən sahənin xərci çox olduğu üçün ilk satışa çıxan məhsulların da qiymətində fərq olur. Növbəti mərhələdə çəkilən xərclər azaldıqca məhsulun da qiyməti ucuzlaşır.

Bostançı deyir ki, ikiqat örtüklə əkilən sahə daha çox xərc tələb edir. Bir hektara təxminən 6 min manat xərc çəkilir, ikinci mərhələ əkin 5000 manat, üçüncü mərhələ isə 3000 manat.

İlham Şıxəliyev sahəyə xarici sort toxumlar əkir. Onun sözlərinə görə, ənənəvi və yerli toxumlar demək olar, beş ildir tapılmır:

“Yerli sort qarpızlarımız olan “Çələbi”, “Cəfərxan”, “Şaban”, “Saday” növlərindən əsər-əlamət qalmayıb. Bu sortların tapılmamasına səbəb hazırda satılan xarici sortlardır. Çünki onların xarici görünüşü, rəngi daha yaxşı olur”.

Bostançılıqda məhsulun maya dəyərini artıran digər bir amil ziyanvericilərlə mübarizəyə çəkilən xərcdir. İlham Şıxəliyev bu il əkdiyi toxumları həşəratlar məhv etdiyi üçün təkrar əkin aparmalı olub.

Digər fermer Fərzi Fərzəliyev də həşəratlarla mübarizənin önəmini vurğulayır. Deyir ki, bu il sahələrdə əvvəlki illərdə rast gəlinməyən qurdlar yayılıb. Artıq lazımi mübarizə tədbirləri görülüb və hazırda təkrar əkin aparılır.

Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayon üzrə 2500 hektar sahədə bostan məhsullarının əkilməsi nəzərdə tutulub. Bu günə qədər 884 hektar sahədə əkin aparılıb ki, onun da 546 hektarı qarpız, 338 hektarı yemiş sahəsidir. Əkin zamanı əsasən “Həştərxan”, “Mərcan”, “Şirin-F1” sortlarından olan qarpız, “Tavriya” və “Kalxozçu” sortları olan yemiş növləri üstünlük təşkil edir.

Ötən il Saatlıda ümumilikdə 2 463,5 hektar bostan sahəsindən 85 479,3 ton məhsul yığılıb. O cümlədən 1 577,5 hektar qarpız sahəsindən 60 126,6 ton, 886 hektar yemiş sahəsindən isə 25 352,7 ton məhsul tədarük olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir